Bu həftə - avqustun 2-də Topaz Premyer Liqasında yeni mövsümün startı veriləcək. İştirakçı komandalar arasında yer alacaq “Qəbələ” tarixində 8-ci dəfə çempionatın mükafatları uğrunda mübarizə aparacaq. 2005-ci ildə “Gilan” adı altında yaranan komanda ilk mövsümdə çıxış etdiyi I dəstədə çempion olaraq güclülər sırasına yüksəldi. 2006/07 mövsümündə güclülər dəstəsində ilk mövsümünü keçirən komanda artıq 7 dəfə Premyer Liqada çıxış edib.
Elitadakı debüt mövsümü klubun tarixində ən uğursuz olub. Çempionatın gedişində 23 uğursuz seriya yaşayan “qırmızı-qaralar” 6 və 10 oyunluq qələbəsizlik seriyası yaşayıb. Təhlükəli zonadan son anda qurtulan komanda mövsümü 11-ci pillədə başa vurub. Növbəti çempionatda 6-cı olan “Qəbələ” son 4 matçda qalib gəlməməklə daha da irəliləmək imkanını qaçırdı. 2008/09 mövsümü isə uğursuz alındı. Çempionatın sonunda komanda yalnız 10-cu pillədə qərarlaşdı.
“Altılıq” sistemi ilə keçirilən son 4 çempionatda isə “Qəbələ” 5-ci pillədən yuxarı, 7-ci yerdən aşağı düşmədi. 2009/10 mövsümündə “Qızıl xallar”ın tətbiqi ilə keçirilən çempionat klub tarixində rekordla əlamətdar oldu. 5-ci olan "qırmızı-qaralar" növbəti il ilk “altılıq”dan kənar düşdü. Komandanın 7-ci olduğu 2010/11 mövsümündə quru seriyası ilə fərqləndi. Həmin vaxt “Qəbələ” ardıcıl 10 matçda qol buraxmadı.
2011/12 mövsümündə isə klub tarixinin ən yaxşı nəticəsi təkrarlandı. Çempionatı 5-ci yerdə tamamlayan komanda mövsümün gedişində ardıcıl 3 məğlubiyyət alaraq daha da yüksəlmək imkanını qaçırdı. “Altılıq” sistemi ilə keçirilən sonuncu – 4-cü mövsümdə də ilk qrupda yer alan “qırmızı-qaralar” yalnız 6-cı oldu. Mövsümün ikinci yarısında qeydə alınan 8 qələbəsiz oyun “Qəbələ”nin daha yüksək yerdə qərarlaşmasına mane olan əsas səbəb idi.
Mövsüm | yer | O | Q | H | M | TOP | X |
2006/07 | 11 | 24 | 4 | 4 | 16 | 17-47 | 16 |
2007/08 | 6 | 26 | 11 | 3 | 12 | 33-36 | 36 |
2008/09 | 10 | 26 | 9 | 6 | 11 | 28-21 | 33 |
2009/10 | 5 | 32 | 13 | 10 | 9 | 36-36 | 49 |
2009/10, I mərhələ | | 22 | 10 | 6 | 6 | 24-21 | 36 |
2009/10, II mərhələ | | 10 | 3 | 4 | 3 | 12-15 | 13 |
2009/10, qızıl xallar | | 20 | 4 | 8 | 8 | 18-27 | 20 |
2010/11 | 7 | 32 | 13 | 12 | 7 | 31-18 | 51 |
2010/11, I mərhələ | | 22 | 8 | 7 | 7 | 19-14 | 31 |
2010/11, II mərhələ | | 10 | 5 | 5 | 0 | 12-4 | 20 |
2011/12 | 5 | 32 | 15 | 7 | 10 | 43-32 | 52 |
2011/12, I mərhələ | | 22 | 10 | 5 | 7 | 27-23 | 35 |
2011/12, II mərhələ | | 10 | 5 | 2 | 3 | 16-9 | 17 |
2012/13 | 6 | 32 | 10 | 8 | 14 | 32-40 | 38 |
2012/13, I mərhələ | | 22 | 9 | 5 | 8 | 26-27 | 32 |
2012/13, II mərhələ | | 10 | 1 | 3 | 6 | 6-13 | 6 |
Cəmi | | 204 | 75 | 50 | 79 | 220-230 | 275 |