Bir dostumuz var. Maraqlı, duzlu-məzəli söhbətləriylə, sinədən dediyi şeirlərlə hazırda çoxlarının rəğbətini qazanıb. Şirindillik, ünsiyyət qurmaq bacarığı da hər adama verilmir. Amma yaman gopçudu. Adını çəkməyəcəm, inciyər. Hesab edin ki, Güləhməddi.
Elə uşaq vaxtından belədi. Basıb-bağlamaqla arası yaxşıdı. Məsələn, hamımız orta məktəbdə oxuduğumuz dönəmdə həyətlərindəki qarajda 11 velosipedinin olduğunu bildirmişdi. Üstəlik, yaxın günlərdə bir-ikisini ən yaxın həmyaşıdlarına bağışlayacağını da vurğulamışdı. Uşaqların bəziləri inanmışdı. Digərləri tərəddüd edir, bir qismi də məhəlləyə yayılan xəbəri yalan ağacının yeni pöhrəsi sayırdı. Təbii, ancaq bir velosipeddə gözə dəyən uşağın başqa “var-dövlət”i üzə çıxmadı. Üstündən müəyyən vaxt keçdi. Daha sadəlövh azayşlıların ürəyində cücərən ilıq ümidlər yerini qara şübhələrə verməyə başladı. Nəhayət, “Qırmızı” ləqəbli, bir az da çürükçülüyü ilə tanınan digər yoldaşımız şübhələrə son qoymaq məqsədiylə gecə sözügedən uşaqgilin qarajlarına baş çəkmək qərarına gəldi. Cəsarətli “kəşfiyyatçı” “sirli məkan”ın gümüşü rəngli qapılarının arasından bayıra sivişəndən, hündür hasardan çətinliklə aşandan sonra yarıməyus mimikayla “Allah haqqı orda iki velosiped var. Biri özününküdü, biri də qardaşınınkı” dedi və hələ də ümidlə yaşayanların ürəyini üzdü...
Ertəsi “məhkəmə” quruldu. Uzun sürən çək-çevirin ardından hazırda qarajda velosiped olmadığını boynuna aldı. Lakin yalan danışmadığını and-amanla vurğulayaraq “kəşfiyyatçı” qaraja girəndən 2 gün əvvəl hamısını bölgədə yaşayan dayısı oğluna satdığını dedi. Topdansatış qiymətiylə - 52 manat 40 qəpikdən. Hərəsinin üstündə 6 manat 50 qəpik qazandığını və özünə qalan pulla hamıya dondurma alacağını söylədi. Beynimin bir küncündə ilişib qalan, təxminən 25 il öncəki hadisəni danışıram. Rəqəmləri dəqiq xatırlamaya bilərəm. Söhbət 11 velosipeddə, 52 manat 40 qəpik topdansatış qiymətində, 6 manat 50 qəpik nəfdə yox, ədədlərin quyruğundadı. Adam heç vaxt yuvarlaq ədədləri, sayları yaxına buraxmırdı. Mütləq quyruğu olmalıydı! Onun gördüyü dəhşətli yol qəzalarında maşınlar 46 metr yarım sürüşəndən sonra aşır, nənəsinin qara toyuğu 31 cücə çıxarır, Güləhməd evdəki daxılı açanda içindən 1002 manat çıxırdı...
Martın 6-da “Park İnn” otelində AFFA-nın 22-ci Hesabat Konfransında assosiasiyanın maliyyə hesabatı açıqlandı. 21 milyon 674 min 774 manatlıq toplam xərcin toplam gəlirdən az olması adi qanunauyğunluq sayıla bilər. Quyruqlu ədədlərə isə təəccüb və təbəssümlə baxdım.
P.S. 35421 nəfər 46702 dəfə tapındığı müqəddəslərə and içsə, inanmaram. Belə məsələlərdə quyruqlar gözlərə sığal çəkmək üçündü.
P.P.S. MK və KK-nın ardında daha bir MK (Media Komitəsi) də yaratmaq eşqinə düşən assosiasiyamıza təklifim var: bir dənə də GK – Güləhmədlər Komitəsi yaradın. Hesabatlar zamanı köməyi dəyər.
Nihat