Uşaq vaxtlarında gizlən-qaç oynayardıq. Oyunun qaydalarını yazmıram, hər halda AFFA-da işləyənlər, federasiyanın Hesabat Konfransında iştirak edənlər də nə vaxtsa bu oyunla asudə vaxtlarını keçiriblər...
Yığışdılar, əl qaldırdılar, qərarlar qəbul etdilər. Hər dəfə eyni ssenari təkrarlanır. Hansısa qərarlar qəbul edilir, sonra da açıqlamalar. Biri deyir “bu qərarlardan sonra futbolumuz nəhayət ki, istədiyimiz səviyyəyə çatacaq”, digəri “özünüz də gördünüz ki, hamımız futbolumuz naminə bu qərarları verdik” və s. və i.
...Körpə idim, 5-6 yaşım olardı. Gizlən-qaç oynayanda məhlədə hamıdan kiçik olduğum üçün birinci gözlərimi yumub, üzümü divara çevirmək mənə “həvalə” olunurdu. Uşaqlar hərə bir tərəfdə gizlənər, yaşımın azlığından istifadə edib bəndənizi qabaqlayaraq, əllərini daha tez divara vurardılar. Sürətdə uduzudrdum. Lakin aynbənddən nəvəsini seyr edən nənəm köməyimə çatardı. Axı onun gözü yumulu deyildi. Başımı yuxarı qaldırardım, o da mənə barmağı ilə yoldaşlarımın harda gizləndiyini işarə edərdi. Bax beləcə, daim göz yummaq təhlükəsindən qurtulardım...
Gözü yumulu insanın kimin və nəyin harada olmasını bilməsi müşkül məsələdi.Əlbəttə, mənim rəhmətlik nənəm kimi, aynabənddən baxıb, barmağı ilə kimin və nəyin harada olmasını işarə edən olmasa...
Ölkədə qanun pozuntularının hansı yolla baş verməsindən hamı xəbərdardı. Klublarımızda futbolçularla ikibaşlı müqavilə imzalanaraq, notariusda qeydiyyatdan keçmişdə daha az, digərində isə əsl məbləğ göstərildiyi də heç kim üçün sirr deyil. Bunu AFFA prezidenti də bilir, Konfransda səsvermə hüququna malik digər üzvlər də. Bəs belə olan halda nəyə görə 21 və 23 yaşadək futbolçuların illik qazanclarına məhdudiyyət qoyulur? Kimi aldatmağa cəhd göstərirsiniz? Nəyə lazımdı bu qayda? Məgər bilmirsiniz ki, göstərilən 30 və 50 min manat kağız üzərində qalacaq?
Təsəvvür edin ki, hansısa 21 yaşlı futbolçuya şərəfini qoruduğu klub illik 30 min manatlıq müqavilə təklif edir. Həmin gözünə döndüyüm oyunçu da imtina edir və başqa komandaya keçir. Bunu nə ilə izah edəcək? Deyəcək ki, uşaqlıqdan yeni komandamda oynamaq arzusunda idim. Nəhayət ki, bu istəyimə çatdım. Qazanc məni qətiyyən maraqlandırmır. Əsas karyeramdı. Hələ ki, gəncəm və s. və i. Əsl həqiqəti hamı biləcək, lakin göz yumub, “anlayışla” qarşılayacaq.
Daha bir nüans. Yuxarıda göstərilən yaş qrupuna aid futbolçular milli üzvləridirlərsə, illik qazancları 50% artııla bilər. Hansı millidən danışırıq? U-15, U-17, U-19, U-21, yoxsa əsas milli komandadan? Aha! Burasını göstərməyi unudublar. Daha doğrusu, səsverən yoldaşlara nəyə tapşırılıbsa, ona da əl qaldırıb, çəpik çalıblar.
Gözünüzü yumduqda ətrafı görməsəniz də, sizlərlə oynamayan “nənənələr” kimin harda gizləndiyini yaxşı görürlər. Aşağı yaş qrupları üzrə yığma komandalara futbolçuları bir oyuna çıxarmağa nə var ki?! Bir oyuna çıxdısa uşaq, məvacibi 50 faiz artırıldı. O qədər yoldaşlıq oyunu var ki, gəl görəsən! Deməli, qərarlar yenə futbol üçün yox, fərdlərin qazancları üçün verilib. Fərd deyəndə, futbolçuları nəzərdə tutmuram ha!
Ceyhun Əliyev