20-ci Azərbaycan kubokunun əsas və əlavə vaxtı qolsuz heç-heçə ilə başa çatan final oyununda "Neftçi" "Xəzər Lənkəran"ı oyunsonrası penaltilərdə 5-3 hesabı ilə məğlub edərək mövsümü qızıl dublla başa vurdu. Oyundan sonra təşkil olunmuş mətbuat konfransında komandaların baş məşqçiləri fikirlərini bölüşüblər.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Finalda uduzmaq çox məyusedicidir. Həm də penaltilər seriyasında. Bu cür final karyeramda üç dəfə olub. Əvvəl “Real” (Sosyedad) və “Beşiktaş”la qələbə qazansam da, bu dəfə penaltilərdə üzüldüm. “Neftçi” futbolçularını təbrik etmək və Saşa Stamenkoviçə demək istəyirdim ki, bizim futbolçular penalti vuran zaman onun hərəkətləri yolverilməz idi. “Qarabağ” və “İnter”ə qarşı oynamamışıq, onların oyunları haqqında heç nə deyə bilmirəm. “Neftçi” oyunu ilə sübut etdi ki, bu mövsüm ən yaxşı komandadır. “Neftçi”yə Çempionlar Liqasında uğurlar arzulayıram. Azərbaycan çempionatı yeni inkişafda olan çempionatdır. Gələn mövsüm bizim daha çətin olacaq, güclü rəqiblərə qarşı mübarizə aparacağıq”.
İdman24.az