Premyer Liqanın IV turunda Azərbaycan futbolunun bəzəyi hesab olunan “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması baş tutacaq. Həmişəki kimi böyük marağa səbəb olan “Böyük oyun”dan öncə Fanat.az maraqlı məqamları oxucuların diqqətinə çatdırır.
Bu günə qədər baş tutan 28 derbidə qapılara ümumilikdə 53 qol vurulub. Bunlardan 26-i “Xəzər Lənkəran”ın, 27-si isə “Neftçi”nin aktivindədi.
“Xəzər Lənkəran”ın 25 qoluna 10 müxtəlif futbolçu imza atıb. Onlardan 19-u Lənkəran klubunun öz üzvü olub. Bir qolu isə “Neftçi”nin futbolçusu öz qapısına vurub. Belə ki, 2011/12 mövsümünün Lənkəranda baş tutan ilk oyununda indi “Rubin”də çıxış edən Ruslan Abışov öz qapısına qol vuraraq, əzəli rəqibin sevincinə səbəb olub.
“Xəzər Lənkəran”ın heyətində “Neftçi”yə ən çox qol vuran futbolçu Julius Vobaydı. Lənkəran təmsilçisindən sonra “Neftçi”də çıxış edən və bir müddət əvvəl BƏƏ-nin “Əl-Şabab” klubuna icarəyə verilən afrikalı oyunçu “ağ-qaralar”ı 3 dəfə məyus edib. Karyerasını bitirən Zaur Ramazanov, hazırda “Rəvan”da çıxış edən Rəşad Abdullayev və 2010-cu ildə “Bakı”ya keçən Uinston Parks isə 2 dəfə rəqib qapısına yol tapıb.
“Neftçi”nin 28 qoluna 17 futbolçu imza atıb. Paytaxt klubunda əzəli rəqibi ən çox Flavinyo məyus edib. Komandanın lideri lənkəranlıları 6 dəfə meydanın mərkəzinə dəvət edib. “Neftçi”nin əfsanəsi, hazırda “Qarabağ”da məşqçi işləyən Zaur Tağızadə 4 dəfə rəqib qapısına yol tapıb. Artıq “Neftçi”də oynamayan Svetoslav Stefanov, cari mövsümdə 3 qol vuraraq “ağ-qaralar”ın ən yaxşı bombardiri olan Bahodir Nasimov və ötən ilin bombardiri Nikolas Kanales hərəyə iki dəfə fərqləniblər. Avtoqola imza atıb “Xəzər Lənkəran”ı sevindirən Ruslan Abışov hər iki qapıya yol tapıb.
“Xəzər Lənkəran”ın “Neftçi”yə vurduğu qolların müəllifləri
Julius Vobay (3)
Zaur Ramazanov (2)
Rəşad Abdullayev (2)
Uinston Parks (2)
Oktay Dərəlioğlu
İlqar Qurbanov
Alim Qurbanov
Mahmud Qurbanov
Xaqani Məmmədov
İvan Çvetkov
Əhməd Dursun
Dieqo Ruiz
Manuel Skarlatake
Andrey Mureşan
Rahid Əmirquliyev
Rikardo Qomeş
Sadio Tounkara
Dmitrios Sialmas
Adrian Pit
Ruslan Abışov (avtoqol)
“Neftçi”nin “Xəzər Lənkəran”a vurduğu qolların müəllifləri
Flavinyo (6)
Zaur Tağızadə (4)
Svetoslav Stefanov (2)
Bahodir Nasimov (2)
Nikolas Kanales (2)
Emin Quliyev
Ruslan Abbasov
Nadir Nəbiyev
Branimir Subaşiç
Vadim Borets
Georgi Adamiya
Əli Cansun
Slavko Georgievski
Rodriginyo
Cavid İmamverdiyev
Fərid Quliyev
Ruslan Abışov