“Neftçi”nin prezidenti Sadıq Sadıqov Böyükağa Hacıyevlə bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, klub rəhbəri təcrübəli mütəxəssisin müşaviri təyin olunması barədə danışıb:
“Neftçi”nin son illərdə qazandığı uğurlarda Böyükağa Hacıyevin böyük əməyi var. O, baş məşqçi olduğu müddətdə komanda iki dəfə ölkə çempionu olmaqla yanaşı, bir dəfə də Azərbaycan kubokunu qazandı. “Neftçi”nin tarixi APOEL zəfəri ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması və Azərbaycan futbolunda ilkə imza atmasında da Böyükağa müəllimin rolu danılmazdı. Təsadüfi deyil ki, komanda qrup mərhələsində “Partizan”la hər iki qarşılaşmada, “İnter”lə isə səfərdə heç-heçəyə imza atdı və İtaliya təmsilçisinə qarşı doğma arenada cəsarətli futbol nümayiş etdirdi.
Bu mövsüm Çempionlar Liqasındakı uğursuzluqdan sonra Hacıyev baş məşqçi vəzifəsindən istefa verdi. Bununla belə biz onun klub qarşısındakı xidmətlərini nəzərə alaraq, təcrübəsindən bundan sonra da yararlanmağa qərar verdik. Biz hər zaman kluba yerli mütəxəssislərin cəlb edilməsinə çalışmışıq və bu mənada Hacıyev kimi təcrübəli şəxsin futboldan kənarda qalması düzgün olmazdı. İnanıram ki, o, yeni vəzifəsində də kluba çox faydalı olacaq”.