«Çox sevinirəm ki, «Trabzonspor»dan növbəti dəfə təklif almışam. Bir azərbaycanlı futbolçu kimi Türkiyənin dörd ən böyük klublarından birində forma geyinmək həqiqətən böyük fəxrdi». Fanat.az xəbər verir ki, bu sözləri «Trabzonspor»un baxışa dəvət etdiyi Ruslan Nəsirli deyib.
Bundan əvvəl bir dəfə Trabzon təmsilçisində baxışda olan «Sumqayıt»ın və 19 yaşadək futbolçulardan ibarət millimizin üzvü bu dəfə Türkiyədə qalacağına inanır: «Sözün açığı, ilk dəfə Trabzona yollanarkən özümü yaxşı tərəfdən göstərə bilmişdim. Hətta yoxlama oyunlarında fərqlənmişdim. Lakin bu kluba keçidimin baş tutmamasının əsas səbəbi «Trabzonspor»da rəhbərliyin və məşqçi korpusunun dəyişməsi oldu. Yeni rəhbərlik növbəti dəfə mənim üçün «Sumqayıt»a məktub ünvanlayıb. Ümid edirəm ki, bu dəfə də özümü yaxşı tərəfdən göstərib, "Trabzonspor"da qalmağı bacaracam».
Ruslan «Sumqayıt»ın gənc futbolçular üçün şans olduğunu bildirib: «Mənim bu mərhələyə gəlib çatmağımda «Sumqayıt»ın əməyi böyükdür. «Sumqayıt» gənclərdən qurulmuş bir komandadı. Misal üçün bir müddət əvvəl «Portu»ya yollanmış komanda yoldaşım Orxan Əliyevi qeyd etmək olar. «Sumqayıt» gənclər üçün böyük şansdı. Yaxın gələcəkdə bu klubun bir neçə üzvü böyük komandalarda forma geyinəcək. «Trabzonspor»dan qayıtdıqdan sonra milli komandanın düşərgəsinə qoşulacam. Əsas məqsədim yığmanın heyətində oktyabr ayında keçiriləcək seçmə mərhələdə özümü yaxşı tərəfdən göstərməkdi».