"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.
- Avropa Liqasındakı təmsilçilərimizdən ikisi mərhələ adladı, biri bacarmadı. Nəticəni necə qiymətləndirə bilərsiniz?
- "İnter"lə "Qəbələ"ni təbrik etmək istərdim. "Qəbələ" təkcə növbəti mərhələyə adlamadı, Tiflis "Dinamo"sunu məğlub etməklə həm də psixoloji baryeri keçdi. Bu klub böyük uğurlar üçün alışıb-yanır. Buna klub rəhbərliyi, məşqçilər korpusu, futbolçular, azarkeşlər də hazırdılar.
- Böyük uğurlar dedikdə nəyi nəzərdə tutursunuz?
- Minimum pley-off mərhələsinə qədər irəliləməyi. Qrup mərhələsi barədə də düşünmək olar. "İnter" də tərifə layiqdi. Çünki komandanın məlum problemləri mövcuddu. Belə vəziyyətdə mərhələ adlamaq qəhrəmanlıqdı. Əminəm ki, hər iki klubumuz növbəti mərhələdə də uğur qazana bilər.
- Bəs "Neftçi"nin çıxışı barədə nə deyə bilərsiniz?
- "Neftçi" Həmkarlar İttifaqı yox, futbol klubudu. Avropa Liqası isə 19 yaşlı futbolçular üçün Azərbaycan çempionatı deyil. Belə bir klubu bu vəziyyətə salmaq lazım deyildi. Komandanın avrokubokların cari mövsümündəki çıxışı böyük ləkədi. Azərbaycan klublarına hələ "Mladost" kimi zəif rəqib düşməmişdi. Çernoqoriya klubu Azərbaycan I divizionunda ən yaxşı halda 4-5-ci yerlər uğrunda oynaya bilərdi. Bu klub həvəskar səviyyədə idi.
- Bəs belə bir komandanı keçə bilməməyin günahı kimdədi?
- Günahın Samir Əliyevlə futbolçularda olmadığı dəqiqdi. Bir daha deyirəm ki, "Neftçi" futbol klubudu, Həmkarlar İttifaqı deyil. Klub qısa bir zamanda belə bir vəziyyətə gətirildi. Bu insanlar çıxıb cavab verməlidilər. Futbolla, "Neftçi" ilə zarafat etmək olmaz. Belə çıxış klubun imicinə də mənfi təsir edir. "Neftçi" indi "Mladost"u keçə bilmirsə, yaxın illərdə Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsindən danışmaq yersizdi.
- Klub gənclərə üstünlük verir...
- Aqil Məmmədov, Kaue, Araz Abdullayev, Ruslan Qurbanov, Nicat Qurbanov artıq gənc deyil. Xalqı aldatmaq lazım deyil. Bəs öz yetirmələri hanı? Elvin Yunuszadə ilə Mirhüseyn Seyidovun bu oyunlarda yeri aşkar görünürdü. Ayltonu vaxtında transfer etsəydilər, Cavid İmamverdiyevi də sifariş edə bilərdilər. O, komandaya kömək edə bilərdi.
- Azərbaycan klubları hazırda ciddi maliyyə problemləri yaşayır. Bəlkə, "Neftçi" də bunu nəzərə alıb?
- Maliyyə problemi olan klub Avstriyada təlim-məşq toplanışı keçə bilməzdi. Belə bir klub Çernoqoriyaya iki gün öncədən getməzdi. "Neftçi"nin maliyyə problemi yoxdu. "Neftçi"nin layiq olduğu şəkildə çıxış etmək lazım idi. "Neftçi" maliyyə problemlərindən şikayətlənsə, onda "İnter" "İnter Arena"da özünü asmalıdı.
Fanat.az