"Qəbələ" “Çukariçki”ni keçərsə, Azərbaycan futbolu tarixində ilkə imza atacaq. Fanat.az xəbər verir ki, klublarımız 1994-cü ildən təmsil olunduqları avrokuboklarda indiyədək heç vaxt Serbiya klublarından üstün olmayıb. Roman Qriqorçukun komandası bu tarixi olayı gerçəkləşdirməyə yaxındı.
Maraqlıdı, Serbiya klubları indiyədək, bir qayda olaraq, Bakı təmsilçiləri ilə görüşüblər. Bu baxımdan, “Qəbələ” Serbiya komandası ilə üz-üzə gələcək ilk əyalət təmsilçisidi. Serblərin Azərbaycan klublarından ən çox duelləri “Neftçi” ilə olub - 3 dəfə. İlk dəfə 1999-cu ildə, UEFA Kubokunun I təsnifat mərhələsində “Srvena Zvezda”ya uduzan (evdə 2:3, səfərdə 0:1) “Neftçi” sonradan Belqradın digər təmsilçisi “Partizan”la qüvvəsini sınayıb. 2012-ci ildə Avropa Liqasının qrup mərhələsindəki oyunlarında qalib müəyyənləşməyib - Belqradda 0:0, Bakıda 1:1. Bundan 2 il sonra isə “Partizan” həmin turnirin pley-off mərhələsində “Neftçi”yə hər iki oyunda qalib gəlib - səfərdə 3:2, evdə 2:1.
Azərbaycan klublarına ən çox rəqib olan “Partizan” 2008-ci ildə Çempionlar Liqasında II təsnifat mərhələsində “İnter”i mübarizədən kənarlaşdırıb. Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesablı heç-heçə edən Azərbaycan komandası səfərdə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Bu ölkənin daha bir təmsilçisi “Voyvodina” isə “Olimpik”lə görüşüb. Novı Sad şəhərinin təmsilçisi 2008-ci ildə UEFA kubokunun I təsnifat mərhələsində Bakı klubundan üstün olub - evdə 1:0, səfərdə 1:1.
Göründüyü kimi, Azərbaycan klubları bu ölkənin təmsilçiləri üzərində qələbə qazana bilməyiblər. Keçirilən 10 matçın 4-də heç-heçə, 6-da rəqibin qələbəsi qeydə alınıb (topların fərqi 8:15). Belə bir məqamda “Qəbələ”nin Serbiya klubları ilə oyunlarda qələbə qazanaraq mərhələ adlayan ilk Azərbaycan təmsilçisi olmaq şansı var.//"Qəbələ İK" qəzeti
Fanat.az