"Xəzər Lənkəran"la "Neftçi" arasında görüşlər həmişə diqqət çəkib. Bu dəfə oyun olduqca maraqlı keçdi. Təəssüf ki, matç zamanı belə insident baş verdi". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib Lənkərandakı hadisələrin təxribat olduğunu bildirib: "Bəziləri bunu ötən mövsümün sonunda, ölkə kubokunun finalında baş verən hadisələrlə eyniləşdirirlər. Ancaq o zaman futbolçular arasında problem olmuşdu. Bu dəfə isə azarkeşlər arasında belə problem yarandı. Bilirsiniz, lənkəranlı azarkeşlərdə futbol mədəniyyəti var. Hesab edirəm ki, bunu törədənlər təxribat etmək fikrində idilər. Təəssüf ki, stadiona partlayıcı maddələr də keçirilmişdi. Bu hadisə ilə əlaqədar olaraq 4 nəfər saxlanılıb. Baxsanız görərsiniz ki, onların çoxusu Lənkəranda qeydiyyatda deyillər. Belə çıxır ki, bunlar məhz iğtişaş törətmək üçün gəlmişdilər".
Məmmədov günahkarların cəzalanacağını deyib: "Biz klublar qarşısında belə bir tələb qoymaq fikrindəyik ki, orda bir menecer məhz azarkeşlərlə işləsin. Problem yaradan azarkeşləri müəyyənləşdirmək mümkündü. Lənkəran şəhər stadionunun tribunalarında kameralar quraşdırılıb. Problem yaradan azarkeşləri müəyyənləşdirib onların stadiona buraxılmasının qarşısını almaq olar. Belə hadisələrin təkrarlanacağı halda oyunların azarkeşsiz keçirilməsi də mümkündü. Beynəlxalq təcrübədə belə hallar var. Amma biz bunu istəmirik. Futbolun inkişaf etməsini istəyirik. Bunun üçün də insanların stadionlara gəlməsi lazımdı. Lakin hadisələr təkrarlansa, o zaman klubların səfər görüşlərinə azarkeş aparmasına qadağa qoyacağıq. Bu məsələ ilə bağlı AFFA-nın İntizam Komitəsinin iclası keçiriləcək. Orda müvafiq qərarlar qəbul ediləcək və günahkarlara ağır cəzalar veriləcək".
ANS