Premyer Liqanın IV turunda keçirilən "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş verən olaylardan sonra tutulanlar arasında Qusar rayon sakini 1994-cü il təvəllüdlü Elman Davud oğlu Tağıyev də var. Məlumata görə, Eliko Ləzginçik kimi tanınan bu şəxs Qusardan Lənkərana qonaq gedib, oradan isə sözügedən oyuna baxmağa yollanıb.
Ümumiyyətlə, Eliko "Facebook"da "Xəzər Lənkəran" azarkeşləri arasında çox məşhurdu və o, məhz Rahid Əmirquliyevin fanatı olduğu üçün tez-tez Lənkərana gedir. Onun saxlanılmasından sonrakı vəziyyəti haqda hələ heç bir məlumat yoxdu. Hər halda cinayət işi açıldığı bildirilir. Ancaq izahat alınıb-alınmadığı barədə xəbər verilmir. Elikonun atası yoxdu, anası Emilya Şərifova yalnız bu gün Qusar rayon poliş şöbəsinə gedərək oğlunun harda olmasını öyrənə bilib.
Emilya Şərifova hazırda yolda olduğunu və Lənkərana etdiyini bildirib: "Mən hələ bu gün öyrənmişəm ki, Elmanı tutublar. Niyə saxlanıldığını bilmirəm, hazırda yoldayam, Lənkərana gedirəm. Elman tez-tez oyunlara gedir, "Xəzər Lənkəran"a azarkeşlik edir, orada dostları var. Artıq neçə ildi ki, bu belədi. Bu dəfə gedəndə isə tutulub. Bununla bağlı nə mənə, nə də qohumlarımıza məlumat verilib. Bu gün Qusar rayon polis bölməsindən öyrənmişəm ki, Elmanı Lənkəranda tutublar".
Emilya xanım onu da bildirib ki, oğlunun tutulmasıyla bağlı hələ heç bir yerə şikayət eləmək fikrində deyil. Çünki Elikonun nəyə görə tutulduğundan xəbərsizdi.
Qeyri-rəsmi məlumatlara görə, stadiona "Molotov kokteyl"i atılmasıyla bağlı Ləzginçikdən sorğu-sual edilib. Ona verilən suallardan biri də budu ki, "səni kim və kimlər istiqamətləndirir, qusarlı kimi Lənkəranda nə gəzirsən?".
Futbolpress.az