Türkiyədə hazırlığı davam edirən “Kəpəz” ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Nizami yurdunun təmsilçisi iyulun 23-də Gürcüstanın yüksək liqasında mübarizə aparan “Şukura” komandası ilə qarşılaşıb.
Ağdam rayonunun ermənilər tərəfindən işğalının 22-ci ildönümü ilə bağlı futbolçularımız gürcülərlə matça qolunda qara sarğı ilə çıxb. Türkiyəli hakimlər briqadasının idarə etdiyi oyundan öncə isə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan həmyerlilərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Görüşə gəlincə, qarşılaşma "Kəpəz" üçün yaxşı başlayıb. Artıq 10-cu dəqiqədə Şəhriyar Əliyev künc zərbəsinin davamında dəqiq oynayaraq hesabı açıb. İkinci hissədə məşqçilər korpusu meydanda gənclərə üstünlük verib. Rəqib isə son dəqiqələrdə hesabı bərabərləşdirib - 1:1.
Qeyd edək ki, "Şukura" Gürcüstan çempionatının güclülər dəstəsində çıхış edir. Komanda ötən mövsüm 7-ci pilləni tutub. Gürcülər bir neçə gün əvvəl "Zirə" ilə "sülh" bağlayıb - 0:0.
Gəncə və Bakıdakı təlim-məşq toplanışı zamanı yerli klublarla 6 yoхlama oyunu keçirən "Kəpəz" Türkiyədə bundan əvvəl "1461 Trabzon"la qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Gəncə təmsilçisi iyulun 25-də "Göztəpə" ilə qüvvəsini sınayacaq.
Fanat.az