Şotlandiyanın "Seltik" klubunun futbolçusu Hari Makkey-Stiven Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, şotland futbolçu yerli mətbuata bunları deyib:
"Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik. Hiss edirəm ki, "Qarabağ"la oyuna hazırıq. Sadəcə meydana çıxıb, bacarığımızı nümayiş etdirməliyik. "Qarabağ"la bizi çətin matç gözlədiyini bilirik. Lakin onlara qarşı yüksək səviyyədə oynamağa çalışacağıq. Çempionlar Liqasının oyunlarını daha öncə tamaşaçı kimi televiziyadan izləyirdim. Ötən mövsüm "Seltik" Avropa Liqasında çıxış etdi. Ancaq Çempionlar Liqası mənim oynamaq istədiyim turnirdi. Orada iştirak etmək inanılmaz hiss olacaq. Komanda olaraq hədəfimiz Çempionlar Liqasının qrup mərhələsində oynamaqdı. Əminəm ki, çərşənbə günü "Qarabağ"la görüşdə yaxşı nəticə qazanacağıq. Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Sadəcə bir qədər həyəcanlıyam və oyunu səbirsizliklə gözləyirəm".
Fanat.az