Avropa Liqasında III təsnifat mərhələsinin "Apollon" - “Qəbələ” oyununda ara qarışıb. Fanat.az xəbər verir ki, Cənubi Kiprdəki oyunun sonlarına yaxın "Antonis Papadopulos" stadionunda gərgin anlar yaşanıb.
Belə ki, 90+2-ci dəqiqədə rəqib futbolçu Voislav Stankoviçi cərimə meydançasında yıxdığı üçün kiprlilərin qapısına penalti təyin olunub. Bundan sonra ara qarışıb və bəzi azarkeşlər meydançaya daxil olub.
Topun arxasına keçən Cavid Hüseynov isə hesabı bərabərləşdirməyə nail olub - 1:1. Nə qədər təəssüfləndirici olsa da, Cavid 11 metrlik zərbəni vurandan sonra xoşagəlməz jest etməklə yerli fanatları və rəqib futbolçuları daha da özündən çıxarıb. Hakim isə meydana yad əşyaların atıldığını, meydana kənar şəxslərin daxil olduğunu görərək, matçı sona çatdırmadan futbolçuları paltardəyişmə otağına aparıb. Yeri gəlmişkən, bu vaxt tuneldə tərəflər arasında gərgin anlar da yaşanıb. Təxminən 10-15 dəqiqəlik fasilədən sonra hakim futbolçuları yenidən meydana çıxarıb və əlavə vaxtın qalan 2-3 dəqiqəsini yekunlaşdırıb. Bu zaman ərzində qapılara qol vurulmadığından, "Apollon" - "Qəbələ" matçı elə 1:1 hesabı ilə yekunlaşdı.
Fanat.az