Spirtlili içkilərə olan sevgisiylə ad çıxaran ukraynalı qapıçı Andrey Popoviç yenidən diqqət mərkəzinə düşüb.
Sport7.az xəbər verir ki, "Qəbələ"nin İsmət Qayıbov adına stadionda baş tutan məşqində Popoviç komanda yoldaşları arasında görünməyib. "Milliləşdirilmiş" qapıçı əsas heyətdən uzaqlaşdırılıb, əvəzedicilərin düşərgəsinə göndərilib. Səbəb isə həmişəki kimidir: Popoviç "Qəbələ"nin məskunlaşdığı otelə içkili vəziyyətdə gəlib. Faktı "Futbol+" qəzetinə açıqlamasında klubun meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib. Məsələni Andreyin özüylə dəqiqləşdirmək üçün ona telefon açdıq.
Sport7.az-a verdiyi açıqlamasında Popoviç içkili halda otelə gəlməsi haqda deyilənləri cəfəngiyyat adlandırdı: "Bəli, əvəzedicilərə qoşulmağım haqda məlumatınız doğrudur. Amma bunun içki və ya hansısa intizam pozuntusuyla əlaqəsi yoxdur. Məşqlərdə əlimdən gələni edirdim, amma Roman İosifoviç hazırkı formamım əsas komanda üçün yetərli olmadığına qərar verdi. Bir futbolçu kimi borcum baş məşqçinin qərarlarına hörmət bəsləmək, tapşırıqlara əməl etməkdir. Səfiyarlının haqqımda niyə belə dediyini bilmirəm. Əgər həqiqəqətən içkili olduğumu deyibsə, bunun səbəbini ondan soruşacağam. Mənim sözlərimi olduğu kimi yazın. İçki içməmişəm və komandanın düşərgəsinə içkili vəziyyətdə getməmişəm. Deyilənlər hamısı yalandır".
Fanat.az