II Qəbələ kuboku turnirində iştirak edən “Feyenoord”un 15 yaşadək komandasının baş məşqçisi Roy Makayın apasport.az saytına müsahibəsi
- Öncə turnir haqda fikirlərinizi bilmək istərdik...
- Burda gördüklərim məni sevindirir. Meydançaların ot örtükləri fantastik səviyyədədir. Burda olduğumuza və turnirin iştirakçısı olduğumuza görə çox xoşbəxtik. Burda yaxşı komandalar cəmləşib. Dünən burda bir məşq keçmişik. Burdan nəticədən asılı olmayaraq, yaxşı təəssüratlarla ayrılacağıq.
- Komandanızın hədəfi nədir?
- İstəyirik ki, yaxşı oyun göstərək. İlk oyunda “Porto”ya uduzduq. Ancaq biz rəqibdən heç nədə geri qalmadıq. Minimal hesablı nəticə qeydə alındı. Məqsədimiz turnirdə yaxşı oyun göstərən komanda kimi yaddaşlarda qalmaqdır. Başqa heç nə.
- Stenli Brard hazırda Feyenord Akademiyasında çalışsa da, 3 gündən sonra rəsmən Qəbələli olacaq. Sizcə, həmyerliniz mentaliteti fərqli olan bir ölkədə futbolçularımıza xeyir verə biləcək?
- Əlbəttə, mən bundan əminəm. Onun “Feyenoord”da gördüyü iş göz qabağındadır. Stenli çox böyük ideyaları olan bir insandır. İnanıram ki, həmin ideyalarını Qəbələdə də tətbiq edə biləcək.
- Brard Qəbələdə 2-ci hollandiyalı olacaq. Buna qədər komandada Stiv Olfers adlı futbolçu oynayıb...
- Mən onun adını eşitmişəm. O, əvvəllər İngiltərədə və Danimarkada çıxış edib. Onun burda oynaması, eləcə də, Brardın bura gətirilməsi futbolda aparıcı yerlərə gəlmək istədiyinizi göstərir.
- Bəs ölkəmizə gələnə kimi Qəbələ haqda nə eşitmişdiniz?
- Toni Adamsın Azərbaycanda çalışdığını mətbuatdan oxumuşdum. Ancaq Brard Qəbələyə keçəndən sonra ölkənizdə belə gözəl klub olduğunu bildim. Düşünürəm ki, digər klublarınızda da aparıcı mütəxəssislər çalışır.
İdman24.az