Qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqasının oyunlarını CBC TV yayımlayacaq. Telekanal AFFA və PFL-in elan etdiyi tenderdə qalib gəlib.
Tərəflər arasında bağlanmış razılaşmaya görə, telekanal yayım hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.
İlkin razılığa əsasən, CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə oyunlar rus dilində şərh ediləcək. Azərbaycan dilində isə AFFA-nın "Youtube" (AFFA Official) kanalında yayımlanacaq.
"CBC TV çəkilişləri 8-12 kamera ilə aparmağı, yaxın müddətdə idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb". Bunları CBC TV-nin Baş direktoru Azər Xəlilov sivil.az saytının müxbirinə bildirib.
Önun sözlərinə görə, hələlik oyunların yayımı Türkiyənin məşhur “Saran Holding” şirkəti vasitəsilə həyata keçiriləcək. Azər Xəlilov bildirib ki, adıçəkilən şirkətin peşəkar mütəxəssisləri parallel olaraq CBC şirkətinin əməkdaşlarına təlimlər keçəcəklər. Təlimlər bitdikdən sonar bütün yayım yerli televiziyanın əməkdaşlarının öhdəsində olacaq.
Baş direktor gələcəkdə "CBC Sport" kanalının yaradılması ilə bağlı müzakiələrin aparıldığını da deyib.
Fanat.az