"İnter"in yeni futbolçusu İlço Naumoskinin müsahibəsi
- Karyeran barədə məlumat verməyini istərdik. Məlumdu ki, uzun müddət Avstriyada çıxış etmisən.
- Bəli, futbolçu karyerama məhz Avstriyada başlamışam. 11 yaşımda Vyananın “Rapid” klubunda futbolla məşğul olmuşam. Peşəkar karyeram 16 yaşımda Avstriyanın 3-cü divizionunda çıxış etdiyim zaman başlamışdı. Bu klubda bir mövsüm keçirdim və turnirin ən yaxşı bombardiri oldum. 18 yaşımda Qrats QAK-ına keçdim. Bu komandanın heyətində Avstiya çempionatının qalibi oldum. Həmin mövsüm biz həm də kuboku qazandıq, “qızıl dubl” etdik.
QAK-ın heyətində iki mövsüm keçirdikdən sonra Türkiyənin “Malatyaspor” klubunda top qovdum. Həmin vaxt bu komandaya tanınmış mütəxəssis Aykut Kocaman rəhbərlik edirdi. Etiraf edim ki, Malatyada yaşamaq mənim üçün çətin idi. Bəli, Türkiyə çempionatı yaxşı səviyyəsi ilə seçilirdi, amma mən tezliklə bu ölkəni tərk etdim. Türkiyədə təqribən yarım il keçirdim. Sonra İtaliyaya yollandım. Amma orda da gözlənilməz problemlərlə qarşılaşdım. Belə ki, mənim yeni klubum “Katanya” vaxtında transfer vərəqəmi almadı. Bu isə o demək idi ki, mən rəsmi oyunlarda meydana çıxa bilməyəcəyəm. Məşq və yoldaşlıq oyunlarında iştirak etməklə kifayətlənmək məcburiyyətində qaldım. Ardından Avstriyaya qayıtmağa qərar verdim və növbəti səkkiz mövsümdə “Mattersburq”da çıxış etdim.
- Bəs “İnter”ə keçidin necə baş verdi?
- “İnter” tərəfindən mənə təklif göndərildi və təklifə razılıqla cavab verdim. Azərbaycana da belə gəldim. Etiraf edim ki, məhz bu komandaya qoşulmağıma şadam.
- Bura təşrif buyurmamışdan öncə "İnter" və ölkəmiz haqqında nə bilirdin?
- Səmimi deyirəm, “İnter” haqda məlumatım vardı. Makedoniya millisində birlikdə çıxış etdiyimiz Slavko Georgievski klub barədə məlumatları paylaşdı. O mənə dedi ki, “İnter” Azərbaycanın ən ambisiyalı komandalarından biridi. Ölkəniz barədə onu bilirdim ki, Azərbaycan əvvəllər SSRİ-nin tərkibində olub. Bilirdim ki, 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində “Eurovision” musiqi yarışması keçirilib. Bundan başqa, mənə məlumdu ki, yığma komandaya alman mütəxəssisi Berti Foqts rəhbərlik edir. “Neftçi” və “Qarabağ” kimi Azərbaycanın digər klubları haqqında da eşitmişdim.
- 2011-ci ildə Makedoniya milli komandası yoldaşlıq matçı keçirmək məqsədilə Azərbaycana gəlmişdi. Həmin oyunu xatırlayırsan?
- Bəli, xatırlayıram. Lakin həmin oyunda iştirak edə bilmədim. Xatırlayıram ki, bu oyunda iştirak etmək üçün mənə dəvət gəlmişdi, amma “Mattersburq”da keçirdiyim ağır mövsümdən sonra yorulmuşdum və istirahət üçün məşqçidən icazə almışdım.
- Artıq bir həftədən çoxdu komandayla birlikdə məşq edirsən. Klub sənə necə təsir bağışladı?
- Slavço Georgievski ilə yaxşı tanış olduğumu bir az əvvəl qeyd etdim. Bundan başqa, Almaniyanın Bundesliqasında çıxış edən Aleksandr İaşvili ilə də mənə tanış idi. Bilirsiniz, Almaniya çempionatı Avstriyada çox populyardı. Digər uşaqlarlasa burada tanış oldum. Baş məşqçimiz Kaxaber Tsxadadze haqqında da çox eşitmişdim. O, yaxşı futbolçu idi və güclü klublarda çıxış etmişdi, hazırda o, məşqçilik fəaliyyətilə məşğuldu. Əminliklə deyə bilərəm ki, bizim yaxşı komandamız var. Düşünürəm ki, növbəti matçlarda biz lazımi nəticələri əldə edə biləcəyik.
- Şəxsən sən bu mövsüm öz oyunundan nə gözləyirsən?
- Öncədən nəsə demək istəməzdim, ancaq ümid edirəm ki, komandaya fayda vermək mənə müyəssər olacaq. İstərdim ki, “İnter” mövsümü mükafatla başa vursun. Kimin qol vurmasısa ikinci dərəcəli məsələdi. Futbol komanda oyunudu, buna görə də hamımız birlikdə uğur qazanmağa can atmalıyıq.
- “İnter”in azarkeşlərinə nə qədər qol vuracağına vəd verə bilərsən?
- Bu, yenə də komanda oyunundan asılıdı. Hücumçu heç nədən qol yarada bilməz. Əgər komanda yaxşı oynayacaqsa, o zaman hücumçulara da asan olacaq, nəticədə daha çox qol vuracaqlar. “Mattersburq”da keçirdiyim səkkiz mövsüm ərzində mən altı dəfə çempionatın yekunlarına əsasən turnirin simvolik yığma komandasına düşmüşəm və Azərbaycan çempionatında da belə uğurla çıxış etməyimi istərdim.
inter.az