"Gəncədə oynamaq böyük məsuliyyət daşıyır. Ona görə də ev oyunu tamam başqa ab-havada olacaq. Yəni azarkeşlər qarşısında komandanı bir növ imtahan gözləyir. Tamaşaçı sayının çoxluğu səbəbindən futbolçular bəlkə də, oyunun ilk 10-15 dəqiqəsində həyacanlı oldular. Gəncədə uşaqdan tutmuş böyüyə kimi hamı futbolu yaxşı bilir". Fanat.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
"Kəpəz" bu gün ilk ev oyununu "Zirə"yə qarşı keçirəcək. Ev oyunu öncəsi “sarı-göylər” matçın keçiriləcəyi şəhər stadionunda məşqə çıxıb. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olub. Məşqdən sonra Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb. Rəqib haqda verilən sualı baş məşqçi belə cavablandırıb: “Bu gün zəif komanda yoxdu. “Zirə” yaxşı komandadı, oyunlarını izləmişəm. Yüksək səviyyəli legionerlərdən qurulmuş kollektivdi. Bizə asan olmayacaq. Mənə elə gəlir ki, meydanda iki bərabər səviyyəli komanda görüşəcək. “Neftçi” ilə oyundan fərqli bu görüş daha çətin olacaq”.
Diniyev nəticə ilə bağlı əvvəlcədən proqnoz vermək istəməyib: “Proqnoz vermək çox çətindi. Komandamız meydançanın hər qarışı uğrunda mübarizə aparacaq. Uşaqlar meydanda vuruşacaq. Nə alınacağını oyunun sonu göstərəcək. Çox istərdik ki, ilk ev oyunumuzu qələbə ilə başa vuraq. İstəyimiz bundan ibarətdi. Bunu reallığa çevirmək üçün çox çalışacağıq”.
Fanat.az