Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyununda səfərdə “Yanq Boyz”u 1:0 hesabı ilə məğlub edən “Qarabağ”ın qələbəsi İsveçrə mətbuatında geniş işıqlandırılıb. Fanat.az xəbər verir ki, “Neue Züricher Zeitung”, “Tagesanzeiger”, “Basler Zeitung” və digər nüfuzlu nəşrlər oyundan əvvəl “Yanq Boyz”un qələbə qazanacağına ümidli olduqlarını və Azərbaycan çempionunu bu matçda autsayder hesab etdiklərini yazırdılar.
Lakin Ağdam klubunun ev sahibindən “gizlənməyərək” şansları dəyərləndirməsi, oyunun ikinci hissəsində isə tam üstünlüyü ələ alması Azərbaycan çempionunun daha güclü komanda olması, digər tərəfdən isə iyuldan etibarən “Yanq Boyz”da davam edən daxili problemlərlə izah edilib. Məqalələrdə oyun öncəsi favorit kimi dəyərləndirilən İsveçrə təmsilçisinin meydandakı sərgilədiyi oyunun məyusluq doğurması, Azərbaycan çempionunun isə inamlı və rəqibdən çəkinməyən oyun tərzi ilə yadda qalması xüsusi vurğulanıb.
“Basler Zeitung” isə “Qarabağ”ın qələbəsini Azərbaycan millisinin 1996-cı ildə İsveçrə yığmasına 1:0 hesabı ilə qalib gəldiyi oyunla müqayisə edib. Nəşr oyunun 67-ci dəqiqəsində Riçard Almeydanın 25 metr məsafədən vurduğu qol ilə köhnə xatirələrin göz önündə canlandığını diqqətə çatdırıb.
Avropa Liqasının qrup mərhələsinə yüksəlmək “Yanq Boyz” üçün mövsümün ən minimal hədəflərindən sayılsa da, qəzetlər cavab oyununun bernlilər üçün çətin və riskli olacağını yazıblar.//AərTAc
Fanat.az