"Gözəl oyun oldu. "Qarabağ" ikinci dəfədi ki, qrup mərhələsinə vəsiqə qazanır. Qrup mərhələsində oynamaq Azərbaycan futbolunda bir ənənəyə çevrilib". Fanat.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"ın İsveçrənin "Yanq Boyz" klubunu böyük hesabla (3:0) məğlub etdiyi qarşılaşmanı izləyən Abdullayev oyundan sonra təmsilçimizin üzvləri ilə görüşüb. Futbolçuları təbrik edən Abdullayev daha sonra təəssüratlarını bölüşüb: "Qazandığı uğurlu nəticə münasibətilə həm "Qarabağ" camiəsini, həm də futbolsevərlərimizi təbrik edirəm. Onlar bizi sevindirdilər, bu cür oyun nümayiş etdirdilər. Ötən il "Qarabağ"ın qələbəsini əlindən aldılar. Bu dəfə təmsilçimizin daha yaxşı çıxış edəcəyinə, uğurları ilə bizi sevindirəcəyinə inanırıq. Futbolda nəticəni əvvəlcədən proqnozlaşdırmaq olmur. "Yanq Boyz" zəif rəqib deyil. Vaxtilə onlar da "Barselona" kimi komandanı mübarizədən kənarlaşdırıblar".
AFFA başçısı Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü ilə bağlı tədbir görəcəklərini vurğulayıb: "Ot örtüyünü təcili dəyişməliyik. Bu məsələ ilə bağlı danışıq aparılacaq. Qrup mərhələsinin oyunları yeni qazonda keçiriləcək".
Fanat.az