“Zirə” transfer pəncərəsinin son günü heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, Salvador yığmasının hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, tam adı Nelson Vilfredo Bonilya Sançes olan 24 yaşlı hücumçu əvvəl ölkəsində "Alyansa" klubunda çıxış edib. Burda 3 mövsümə 20 qol vuran Bonilyanın Avropaya yolu açılıb. Əvvəlcə Rumıniyanın "Viitorul" klubunda çıxış edən hücumçu ötən mövsümün qış fasiləsində millimizin keçmiş üzvü Elhad Nəzirinin sabiq klubu olan "Petrolul"un şərəfini qoruyub. Ancaq onun son vaxtlar oyun praktikasından məhrum olduğunu da qeyd etməliyik.
Bonilya 2012-ci ildən çıxış etdiyi Salvador millisində 21 oyun keçirib və 7 qola imza atıb. Onun millidəki ilk qolu Texasda keçirilən 2012-ci ilin mayın 26-da Moldova ilə yoldaşlıq oyununa təsadüf edib. Salvadorun 2:0 hesabı ilə qalib gəldiyi həmin matçın 16-cı dəqiqəsində hesabı məhz Nelson açıb. Bu ilin iyunun 11-də Sent-Kits və Nevis yığması ilə 2:2 hesabı ilə başa çatan oyunda vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. 5 gün sonra isə San-Salvadordakı cavab qarşılaşmasında bu komandaya 2 qol vurub - 4:1. Bununla da Salvador millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti mərhələyə vəsiqə qazanıb. Bonilya ötən ay ABŞ və Kanadada keçirilən "Qold Kap" turnirində də yığmasının heyətində olub.
Fanat.az