Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasından uzaqlaşdırılan Türkiyənin “Fənərbaxça” klubunun əvəzində bu turnirdə hansı klubun iştirak edəcəyi püşk yolu ilə müəyyənləşdirilib. Fanat.az xəbər verir ki, artıq püşkatmanın nəticəsi məlum olub.
"Qarabağ"ın da yer aldığı 30 komandadan ibarət səbətdə APOEL-in bəxti gətirib. Kipr təmsilçisi Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.
Səbətdə yer almış komandalar isə bunlar idi: "Qarabağ" (Azərbaycan), "Molde" (Norveç), "Spartak" (Moskva, Rusiya), "Astra" (Rumıniya), "Dila Qori" (Gürcüstan), "Aktobe" (Qazaxıstan), "Nordşelland" (Danimarka), "Ştuttqart" (Almaniya), "Kukesi" (Albaniya), APOEL (Kipr), "Sent-Etyenn" (Fransa), "Atromitos" (Yunanıstan), "Voyvodina" (Serbiya), "Udineze" (İtaliya), "Tromse" (Norveç), "Petrolul" (Rumıniya), "Partizan" (Serbiya), "Nitsa" (Fransa), "Hafnarfyordur" (İslandiya), "Skenderbeu" (Albaniya), "Nomme Kalju" (Estoniya), "Pasçinq" (Avstriya), "Minsk" (Belarus), "Zalqiris" (Litva), "Slask" (Polşa), "Feyenoord" (Hollandiya), "Qrasshopper" (İsveçrə), "Dinamo" (Tiflis, Gürcüstan), "Jabloneç" (Çexiya), "Braqa" (Portuqaliya).
Qeyd edək ki, APOEL azərbaycanlı futbol sevərlərə heç də yad deyil. Belə ki, 2012/13 mövsümündə Avropa Liqasına vəsiqə qazanmaq uğrunda Kipr təmsilçisi "Neftçi" ilə üz-üzə gəlmişdi. Bakıda Böyükağa Hacıyevin rəhbərliyi altında rəqibi ilə "sülh bağlayan" (1:1) "ağ-qaralar" Kipr səfərindən üzüağ dönməyi bacarmışdı. Məhz səfərdə APOEL üzərində qazanılan 3:1 hesablı qələbə Bakı təmsilçisini Avropa arenasına çıxartdı. Onu da xatırladaq ki, "Neftçi"nin APOEL üzərində qazandığı qələbə məhz ötən ilin bu vaxtına - 30 avqust 2012-ci ilə təsadüf edib. Bu mövsüm bakılılar avrokuboklarda iştirakını dayandırsa da, keçmiş rəqibləri bir il bundan əvvəlki arzusuna çatdı.
Fanat.az