Dünən Azərbaycan futbolu üçün tarixi gün idi. Belə ki, "Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından düz 1 il ötdü. Flaqman məhz ötən il avqustun 30-da Cənubi Kiprin APOEL klubunu səfərdə 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmışdı. "Neftçi"nin üzvləri - Rəşad Sadiqov və Flavinyo bununla bağlı fikirlərini klubun rəsmi saytına bildiriblər.
Rəşad Sadiqov: “Bu gün bizim üçün çox xoş gündü. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq avrokuboklarda qrup mərhələsinə yüksələn bir komandanın kapitanı kimi qürur hissi keçirirəm. Çox istərdik ki, “Qarabağ”, nəhayət, üçüncü cəhddə bu uğuru təkrarlasın, amma çox təəssüf ki, alınmadı. Buna baxmayaraq, bu il “Qarabağ” Azərbaycanı Avropada layiqincə təmsil etdi. Hər bir klubumuza bu nailiyyətə imza atmağı arzulayıram. Azarkeşlərimizə səslənirəm, onlar əmin olsunlar ki, gələcəkdə “Neftçi” nəinki bu tarixi uğuru təkrarlayacaq, hətta daha da böyük zəfərlər qazanacaq”.
Flavinyo: “APOEL-lə oyun yaxşı yadımdadı. Evdə heç-heçə oynasaq da, Cənubi Kiprdə qalib gələcəyimizə inanırdıq və bunu bacardıq. “Neftçi” qrupda da yaxşı təsir bağışladı. Milanda “İnter”lə bərabərə qalmaq asan məsələ deyil. Biz özünəgüvən və güclü komanda oyunu hesabına bunun öhdəsindən gəldik. Qismətə bax ki, bir il bundan qabaq elə bu tarixdə bizə məğlub olan APOEL bu dəfə bəxtin hesabına qrupa düşdü. Öz günahımız ucbatından bu mövsüm avrokuboklarla erkən vidalaşdıq. Çalışacağıq ki, gələn mövsüm daha böyük zirvələri fəth edib, azarkeşlərimizi sevindirək”.
neftchipfk.com