Mayın 18-dən başlayan "Rəvan" klubunun sorğusunun nəticələri artıq bəllidir. Belə ki, yenicə başa çatan 2012/13 mövsümündə "Rəvan”ın ən yaxşı futbolçusunun adına aydınlıq gəldi. Azarkeşlər və klub saytının istifadəçiləri arasında aparılan interaktiv sorğuda Xuan Manuel Varea qalib gəldi.
2 yerli və 3 legioner futbolçunun mübarizəsindən qalib ayrılan Vareanın uğuru tam gözlənilən idi. Axı argentinalı bombardiri başa çatmış son mövsümdə vurduğu 14 qolla komandanın əsas "vuran ayağı”na çevrilib. Onun hesabında 3 məhsuldar ötürmənin olduğunu da qeyd edə bilərik.
Bir sözlə, mövsüm boyu sərgilədiyi futbol ilə könülləri oxşayan argentinalı haqlı qalibiyyət əldə etdi. Varea respondentlərin yarısından çoxunun – 51,08 %-nin səsini qazanıb. O, ikinci pillədəki Mindauqas Kalonası (31,6 %) da xeyli qabaqlayır. Sıralamanın sonrakı ardıcıllığı isə belədir: 3. Şəhriyar Rəhimov – 8,23%; 4. Tofiq Mikayılov – 6,06%; 5. Miloş Adamoviç – 3,03%.
İdman24.az