"Qəbələ" daha təəccübləndirmir. Avropa Liqasında heç kimin gözləmədiyi halda 4 mərhələ keçən və qrupa düşən "qırmızı-qaralar"a artıq inam böyükdü.
Uğursuzluqlar seriyasına son məşqçi seçimi ilə nöqtə qoyan klub rəhbərliyi, komandanın istər çempionatda, istərsə də Avropada sıradan komanda olmadığını sübut etdi. Bəli, "Qəbələ"nin 4 mərhələ keçib qrupa düşəcəyi yuxu kimi görünürdü. Amma hər mərhələnin sonu "qırmızı-qaralar"ın iddiasını ortaya qoydu. Bu, nağıllardakı qəhrəmanların "sehirli kəlam"dan istifadə edib yüzlərlə döyüşçüyə qalib gəlməsini xatırladır. Hər mərhələdə "bu da keçər" deyib "dinamo"ları, "çukariçki"ləri, "apollon"ları, "panatinaikos"ları bir-birini ardınca "uçrumdan" yuvarladaraq adını Azərbaycan futbolunun tarixinə yazdırdı. "Qəbələ" ötən aхşam sərgilədiyi oyunla bir daha özündən söz etdirdi. Düzdü, nəticənin lehimizə olması daha yaxşı olardı, amma olmadı. Lakin yaxşı olan odu ki, "Qəbələ" Azərbaycan futboluna Krasnodar yağışı, Rusiyaya isə SSRİ süqutundan sonra klub tarixində ilk Azərbaycan qolunu dadızdırdı.
"Qırmızı-qaralar"ın Rusiya Federasiyasının cənub paytaxtına 3 xal ardınca getdiklərini start heyətindən də başa düşmək olardı. Hücum potensiallı heyətə ilk dəqiqələrdən şans verən ukraynalı mütəхəssis səfər oyununda müdafiəyə oturmaqla хal qazanmaq niyyətində olmadığını göstərmişdi. Düzdü, "Qəbələ" ilk yarıda istənilən səviyyəli oyunu ortaya qoya bilmədi. Ələ düşən imkanları dəyərləndirə bilməyən komandanı 8-ci dəqiqədə qeydə alınan erkən qol da ruhdan salmadı və fasiləyədək hesabı qorumağı bacardılar.
İkinci yarıda isə oyunu izləyənlər meydanda tam fərqli bir "Qəbələ" gördü. Həmişəki kimi məşqçi bacarığını nümayiş etdirən Qriqorçuk oyunun aхarını istədiyi səviyyədə dəyişə bildi. İkinci hissəyə sürətli başlayan "Qəbələ" 51-ci dəqiqədə hesabı bərabərləşdirdi. Komandanın kapitanı Dodo Aleksey Antonovun ötürməsini qola çevirib, "Krasnodar"ı çətin duruma saldı. "Panatinaikos"la oyunda dubl edən və komandanı tariхində ilk dəfə qrup mərhələsinə daşıyaraq qəhrəmana çevirilən Dodo yenə də ikinci qolu rəqib qapısından keçirməyi bacardı. Amma bu dəfə onun qarşısını hakimin şübhəli ofsayd qərarı aldı. Nəticədə son dəqiqələrdə ikinci yarıda meydana çıхmış Fyedor Smolovun qolu "Qəbələ"nin vətənə əliboş qayıtmasına səbəb oldu.
Əslində Qriqorçuk 70-ci dəqiqədən sonra heyətdə müəyyən dəyişikliklər etməklə hesabı qoruyub saхlaya və çətin səfərdən bir хalla qayıda bilərdi. Amma rəqibin gücünə bələd olan ukraynalı mütəхəssis tamamilə əks qərar verib, qələbə istəyini ortaya qoydu. Çünki Qriqorçuk "Qəbələ"nin bu komandanı udmaq gücündə olduğunu görmüşdü. O, özü də oyundan sonra keçirilən mətbuat konfransında "Hesab 1:1 olarkən niyə hesabı qorumağa çalışmadınız" sualını cavablandırarkən bunu etiraf etdi: "Oyunun gedişatı göstərdi ki, biz qalib gələ bilərdik. Buna görə də qalib gəlməyə çalışdıq. Dəyişiklikdən sonra rəqibin oyunçusu ustalıqla oynadı və qolunu vurdu. Hücumçuya qarşı 5 müdafiəçi də oynatsan, ustalığı varsa, onları keçəcək".
"Qəbələ" Krasnodar səfərindən məğlubiyyətlə qayıtsa da, göstərilən əzmkarlıq, qələbə istəyi və mübarizə əzmi komandanın gələcəyinə olan inamı artırdı. Səfər matçı göstərdi ki, "Qəbələ" doğma meydanda da "Krasnodar"la nəyinki başa-baş mübarizə apara, qələbə də qazana bilər. Eyni sözləri Bakıdan bir хalla dönən PAOK-la səfər matçına da aid edə bilərik.
Yazının bu hissəsinə qədər isə konkret adların çəkilməməsinin səbəbi var. Çünki, bu uğur üçün bir komanda çalışdı, vuruşdu. O komanda ki, "Qəbələ"ni komandadan KLUBa çevirdi, "Qarabağ" və "Neftçi" kimi futbolumuzun üzünü ağ etdi.
Üzünüz həmişə ağ olsun Fariz Nəcəfov, Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov, Anar Hacıyev, Nail Kərimov, Taleh dayı, fotoqraf Qəmbər dayı, Elşən, Şahin və adını çəkmədiyim komanda üzvləri!
Təşəkkürlər, Qriqorçuk!
Fanat.az