Özünü peşəkar adlandıran bir klub nədən belə edir? Bu eqodu?
Dünyanın əksər futbol klublarının internet saytları çox dolğun materiallarla zəngindi. Yəni azarkeş sevimli klubu haqda istədiyi məlumatları internet üzərindən əldə edə bilir. Ancaq təəssüf ki, bizdə belə deyil.
Futbolumuzun günündə olan klubların saytlarında işlək müxanizm yoxdu. Bunun təbii ki, özəl səbəbləri var. Əvvəllər kadr çatışmazlığı vardısa, indi belə bir problem yoxdu. Sadəcə komandalar bunu bilərəkdən saytlarında - xüsusən də uduzduqları oyunlarla bağlı, yaxud da uğurlu bir mövsüm keçirməyəndə görməməzlikdən gəlirlər.
Dünyanın ən adlı-sanlı klublarının - “Barselona”, “Mançestr Yunayted”, “Real”, “Arsenal”, “Liverpul”, “Milan”, “Yuvenstus”, “Bavariya”, PSJ və başqalarının saytlarına, yaxud da sosial şəbəkələrdəki səhifələrinə diqqət yetirəndə hər şey incəliyinə qədər görmək mümkündü. Klubun uğurlarından tutmuş, məğlub olduqları oyunlara qədər. Hətta saytlarda rəqiblə qarşılaşma öncəsi klubun baş məşqçisindən tutmuş bir neçə oyunçusunun fikirləri, statistika, bir sözlə, hər şey yayımlanır, azarkeşlərə geniş bilgilər verilir.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Azərbaycan klubları, daha dəqiq desək “Neftçi” bu məsələyə çox biganə yanaşır. Lap dərinə getsək, azarkeşlərə, internet istifadəçilərinə sayğısızlıq nümayiş etdirir. Sayta daxil olanda (http://www.neftchipfk.com) klubun oyunları ilə bağlı məlumatlar əldə etmək o qədər çətin deyil. Amma...
Əmması odu ki, bu işə məsul olan şəxslər yalnız özlərinə sərf edənləri saytda yayımlayırlar. Məsələn, saytın “Multimedia” bölməsində "video qalareya"ya daxil olanda onlarla qarşılaşmanın video-yazısı görünür. Ancaq Azərbaycan Premyer Liqasının VII turunda “Zirə”yə 0:2 hesabıyla uduzan "ağ-qaralar"ın oyunu yayımlanmayıb. Sayta diqqət yetirəndə görürük ki, “Neftçi”nin məğlub olduğu başqa oyunlarla bağlı video da yoxdu. “İnter”lə 0:1 hesablı məğlubiyyətin video-yazısına da rast gəlmək mümkün deyil. Düşündük ki, bəlkə bizim gözümüzdən yayınıb. Saytın “axtarış” sistemində də bir şey qarşımıza çıxmadı. Deməli, biz araşdırmamızda yanılmamışdıq.
Saytda “Neftçi”nin udduğu və heç-heçə etdiyi oyunlarla bağlı videoları izləmək mümkündü. Ancaq bunu yaxşı dövr keçirməyən “Xəzər Lənkəran”a şamil etmək olmaz. Belə ki, əzəli rəqibiylə Bakıda heç-heçə (1:1) edən "flaqman" nədənsə bu oyunu da görməzlikdən gəlib. Yəqin ki, cənubluların indiki durumuyla “Neftçi”dən səfərdə xal alması "ağ-qaralar"ın ürəyincə olmayıb. Bu üzdən də klubun saytında bu oyunun da video icmalı yoxdu.
İndi təsəvvür edin, “Barselona” La Liqada İspaniyanın ən zəif komandasına uduzur və bunu klubun saytından tapmaq olmur. Belə bir nüansı təsəvvür etmək olar? Xeyr. Əksinə oyunun video-yazısıyla yanaşı, komandanın uduzmasıyla bağlı baş məşqçidən tutmuş oyunçuların fikirləri də yer alır. Çünki...
Çünki peşəkar klublar udub-uduzmağından asılı olmayaraq özünə hörmət qoyur. Axı, peşəkardılar. Ancaq “Neftçi”də belə bir hala rast gəlmək qeyri-mümkündü. Baxmayaraq ki, "ağ-qaralar"ın adının qarşısında elə belə də yazılıb - “Neftçi” Peşəkar Futbol Klubu.
Bunu kimsə eqo da adlandıra bilər. Ancaq məğlubiyyəti həzm etməmək eqo sayılmamalıdı. Eqo "mən" deməkdi. Və bu "mən"in içində bir qalibiyyət dayanmalıdı. “Neftçi” isə uduzur, burada eqoya yer yoxdu.
Fanat.az