Topaz Premyer Liqasının IX turu çərçivəsində reallaşan “Kəpəz” - “Xəzər Lənkəran” oyununun 70-ci dəqiqəsində zədələnərək əvəzlənən Şəhriyar Əliyevin durumu yaxşıdı. Fanat.az xəbər verir ki, epizodların birində əzələsi dartılan müdafiəçi oyunu davam etdirə bilməsə də, sağlıq durumunda ciddi bir şey yoxdu.
Bu barədə klubun mətbuat xidmətinə açıqlamasında komandanın həkimi Şıxəli Həsənov deyib: “Şəhriyarın durumu normaldı, tezliklə bərpa olunacaq. Fərdi qaydada yüngül formada məşq edə bilər. Sabah yenidən bir daha müayinə edib, baş məşqçiyə durumu haqda məlumat verəcəyik. Bundan sonra qarşıdakı çempionat matçında oynayıb-oynamayacağına aydınlıq gələcək”.
Qeyd edək ki, komandanın aparıcı futbolçularından sayılan Şəhriyar Əliyev cari mövsümdə yalnız bir oyunda komandaya kömək edə bilməyib. Futbolçu cəzalı olduğundan “Zirə” ilə matçı buraxmaq məcburiyyətində qalıb.
Fanat.az