Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Topaz Premyer Liqasının X turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Kəpəz”lə oyunun 58-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan "Zirə"nin futbolçusu Sadiq Quliyev 2 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə olunub. Həmin matçın 87-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan "Zirə"nin digər futbolçusu Aleksandr Şemonayev 1 oyunluq cəza alıb, klub 200 manat cərimələnib. Oyunun 14-cü dəqiqəsində “Zirə”nin baş məşqçisi Adil Şükürov texniki zonadan kənarlaşdırıldığına görə 1 oyunluq cəzalandırılıb, kluba 1000 manat cərimə kəsilib.
“Qəbələ” - AZAL matçında qonaqların, “Neftçi” - “İnter” və "Xəzər Lənkəran" - "Sumqayıt" oyunlarında isə ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. “Neftçi” azarkeşləri "İnter"lə oyunun 36-cı dəqiqəsində pirotexniki vasitələrdən istifadə edildiyi üçün kluba 1000 manat cərimə kəsilib.
Fanat.az