Ağ-qaralara bu dəfə şapalağı autsayder “Rəvan” vurdu
“Neftçi” yenə uduzdu. Əslində “yenə” sözü burada artıqdı. "Ağ-qaralar"ın uduzması adi haldı. “Flaqman” elə kökə düşüb, daha doğrusu elə duruma salınıb ki, indi Topaz Premyer Liqasında istənilən komanda onu yenmək iqtidarındadı. Ona görə ki, komandanın iqtidarı çox zəif təsir bağışlayır.
“Neftçi” təəccüblənməyə yer qoymayıb
“Neftçi” autsayder “Rəvan”a doğma divarlar arasında 2:3 hesabıyla məğlub oldu. 12 oyuna 3 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyət acısı yaşayan klub 13 xalla 6-cı pillədəki yerini qoruyub saxlaya bilir.
Turnir cədvəlinin yuxarısında “Qarabağ” və “Qəbələ” komandalarıdı. Bu, başadüşüləndi. Bu gün ölkədə pis-yaxşı iki klub var ki, bu da özünü göstərir. Bəs, “Neftçi”dən öndə olan başqa üç klub hansıdı? “Zirə”, “İnter”, “Kəpəz”...
“Zirə” və “Kəpəz” Premyer Liqaya bu il gəlib, debütantdı. “İnter”in isə maliyyə vəziyyəti heç də ürəkaçan deyil. Hətta bu il Avropa Liqası oyunları üçün komandanın səfərlərini AFFA maliyyələşdirirdi. Yəni, durum bu qədər ağırdı. Buna baxmayaraq, hər üç komanda “Neftçi”dən öndədi. Niyə? Çünki komanda oyunu var, klub rəhbərliyi az da olsa idarəetməni “Neftçi”dən yaxşı bilir.
“Rəvan”la 12-ci tura qədər 9 dəfə qarşılaşan "ağ-qaralar" 8 dəfə meydanı qələbəylə tərk etmişdi. Bu dəfə isə başıaşağı tərk etməli oldular. Gözlənilən idi. Burada təəccüblü heç nə yoxdu.
“Neftçi” “refreş” düyməsini itirib
“Neftçi”nin “Rəvan”la qarşılaşmasına baxanlar komandanın nə qədər bərbad oyun sərgilədiyinin təsdiqləyərlər. Müdafiə sıfırdı. Heç bir mübarizədən söhbət gedə bilməz. Ümumiyyətlə, “flaqman”da nə yaxşıdı ki, müdafiə yerində olsun?! Mərkəz yoxdu, cinahlar bərbaddı, bir az hücum xətti nəsə etməyə çalışır, o da tam işlək vəziyyətdə deyil.
Komandanın baş məşqçisi Samir Əliyev düz deyir, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindi. Ancaq susmur, danışır və komandanın məğlubiyyəti kimi özünü də pis duruma salır.
Samir Əliyev rəqibi yaxşı dəyərləndirə bilmədiklərini deyir. Üstəlik, motivasiyanın aşağı səviyyədə olduğunu söyləyir. İstənilən peşəkar məşqçi belə fikir söyləməz. “Rəqibi dəyərləndirmədik” nə deməkdi? Birincisi, ağıllı-başlı istənilən komanda səviyyəcə özündən 10 qat aşağıda olan rəqibi belə boş buraxmamalıdı. Əks halda sonuc bəllidi. İkincisi, “Neftçi” indiyə qədər nə edib ki, rəqibi də dəyərləndirmir? Hansı güclü rəqibi udub, buna görə zəiflərə diqqət yetirmir? Bu ilki çempionatda məğlubiyyət qatar şəklindədi.

Samir Əliyev susmur, danışır. Deyir ki, belə oyunla, belə nəticələrlə avrokuboklar onlar üçün xəyal olaraq qalacaq. Bax, burada Kərəmi ağlamaq tutur. Deyəsən, Əliyev hansı komandanın sükanı arxasında olduğunun fərqinə indi varıb. Bu vaxta qədərki məğlubiyyətləri heç sayırmış. İndi ayılıb və anlayıb ki, avrokuboklarda mübarizəyə qoşula bilməyəcək. Lap tutaq ki, ya zəlzələdən, ya vəlvələdən “Neftçi” turnir cədvəlinin yüksək pilləsinə qalxdı. Bu oyunlamı avrokuboklarda mübarizə aparacaq? Meydanın heç bir tərəfində uğuruyla öyünə bilməyən klub Avropanın ortabab komandalarıyla necə “savaşacaq”? İndidən oyunun nəticəsini düşünəndə adamın tükləri biz-biz durur.
Təbii ki, komanda yenilənməsə, islahatlara başlamasa, internet diliylə desək “refreş” edilməsə məğlubiyyətlər qaçılmazdı, çöküş labüddü.
Utancverici hal
“Neftçi”nin hansı durumda olduğunu artıq azarkeşlərdə anlayırlar. Bu vaxta qədər bir təhər dözən "12-ci oyunçu"lar sevimli komandalarının sonuncu oyunu onların səbr kasalarını daşırıb. Qapısında üçüncü qolu görən “Neftçi”yə azarkeşlər “ayıb olsun, ayıb olsun”, “Samir, yer elə, gələk oynayaq” kimi şüarlar səsləndiriblər. Deməli, fanatlar da komandanın hansı kökə salındığının fərqindədirlər. Buna dözməyərək meydana çıxmaq istəyirlər. Bu isə bir baş məşqçi üçün, bir klub üçün ölümə bərabər olmalıdı, olmalıydı. Təəssüf ki, olmur və belə gedərsə olmayacaq da.
Fanat.az