Belçikalı sabiq FİFA referisi Frank de Bleker Azərbaycana gəlib. AFFA-nın dəvəti ilə ölkəmizə təşrif buyuran 49 yaşlı sabiq FİFA referisi hazırda UEFA CORE (gənc və istedadlı hakimlər üçün təşkil olunan kurs) kursunda təlimatçıdı.
Azərbaycandan həmin kursda referi Ömər Paşayev eləcə də köməkçi hakimlər Akif Əmirəli və Kamran Bayramov iştirak edirlər.
Frank de Blekerin Azərbaycana səfərinin əsas məqsədi perspektiv vəd edən gənc hakimlərimizin idarə etdiyi oyunlara baxmaq və bu barədə lazım olan qrumlara məlumat verməkdi.
Hesabat turunun 3 oyununu - AZAL - “Sumqayıt”, “Zirə” - “Xəzər Lənkəran” və Ömər Paşayevin baş hakim olduğu “Neftçi” - “Qarabağ” matçını izləyəcək rəsmi şəxs bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb. Görüşdə Frank de Blekerlə yanaşı AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və gənc hakim Ömər Paşayev də iştirak edib.
Bir saata yaxın davam edən dialoqda Azərbaycan hakimliyinin hazırkı durumu və gələcək əməkdaşlıqların perspektivləri müzakirə olunub. Növbəti görüşün yaxın gələcəkdə reallaşmasına qərar verilib.
Qeyd edək ki, Frank de Bleker 14 il FIFA hakimi olub və 2 dünya, eləcə də bir Avropa çempionatının final mərhələsində idarəçilik edib. Bleker Çempionlar Liqasının final mərhələsində ümumilikdə 47 dəfə ədaləti qoruyub.
Fanat.az