Salvador millisinin və "Zirə"nin hücumçusu Nelson Bonilla qaynar.info-ya müsahibə verib. Müsahibəni təqdim edirik.
- Azərbaycanda karyerana başlamamışdan öncə burda oynayacaq ilk salvadorlu olduğunu bilirdin?
- Bəli, bu haqda məlumatım vardı. Bilirdim ki, mən Azərbaycanda yeni cığır açan ilk salvadorlu bayraqdar olacağam. Ona görə də hər zaman düşünürəm ki, özümü burda yaxşı tərəfdən göstərib Salvadorun adını Azərbaycanda layiqincə təmsil edim.
- Niyə Rumıniya çempionatını bizimkinə dəyişdin? Deyilənə görə, "Viitorul" klubunun sahibi George Haci ilə problemin olub. Ona görə də icazəsiz klubu tərk etmisən...
- Ordakı problemim pulla bağlı idi. Qışda böyük klublardan təkliflər almışdım. Ancaq buraxmamışdılar. Ona görə də bir az problemlər yaranmışdı. Hazırda isə Azərbaycandayam. Rumıniya kimi çempionatda çıxış etmək təcrübəm var və bundan Azərbaycanda yararlanmaq niyyətindəyəm.
- Azərbaycanda çoxlu rumın futbolçular çıxış edib. "Zirə"dən təklif gələndə onlardan ölkəmiz və futbolumuz haqda nələrisə öyrənməyə çalışdınmı?
- Düzünə qalsa, yox. Çünki həmin futbolçularla münasibətim yox idi. İnternet məlumatları ilə kifayətlənmişdim. Menecerim isə Azərbaycanda futbolun yaxşı səviyyədə olduğunu bildirmişdi. Gəlib gördüm ki, deyildiyi kimi varmış. Bakı çox xoşuma gəldi.
- Konstantsa şəhəri ilə Bakını müqayisə edə bilərsən?
- Mən Rumıniyada oynayan vaxt Konstantsada qalmırdım. Buxarestdə yaşayırdım. Baxmayaraq ki, Buxarest Rumıniyanın mərkəzi şəhəridir, ancaq mənə sizin paytaxt daha cəlbedici görünür. Burda Tofiq Bəhramov adına stadionun yaxınlığında qalıram. Mənə görə, Bakı Buxarestdən daha müasirdir. Adamları da Rumıniyadakı ilə müqayisədə çox mehribandırlar.
- Sənin artıq Azərbaycan çempionatına və öz komandana uyğunlaşdığını demək olar? Yoxsa, hələ də çətinlik çəkdiyin və anlamadığın məqamlar var?
- Mən Allaha şükür edirəm ki, belə bir yaxşı komandaya düşmüşəm. Komanda yoldaşlarım mənə ilk vaxtlar çox köməklik etdi. İndi hər şeyin qaydasında olduğunu deyə bilərəm. Salvadorda insanlar sizdəki kimidir. Bəlkə də bu üzdən mən Azərbaycana çox tez uyğunlaşdım.
- Azərbaycan Premyer Liqasında artıq 3 qol vurmusan və komandanın bombardirisən. Sənin ilk mövsümdə nə qədər qol vurmaq kimi məqsədin var?
- Konkret qollarımın sayının nə qədər olacağını müəyyənləşdirməmişəm. Yalnız yaxşı oynamağı və komandama xeyir verməyi qarşıma hədəf kimi qoymuşam.
- Ancaq "Neftçi"yə qarşı oynaya bilməyəcəksən...
- Elədir. Təəssüf ki, "Xəzər Lənkəran"la oyunda 2-ci sarı vərəqə mənə göstərildi. "Xəzər Lənkəran" tarixi keçmişə malik komanda olsa da, onları məğlub etdik. İndi düşünürəm ki, "Neftçi"ni məğlub edə bilərik.
- Bildiyimə görə, "Qarabağ"ın "Tottenhem"lə matçını stadiondan izləmisən...
- Elədir. Evimə yaxın olduğu üçün "Qarabağ"ın avrokubok matçlarını qaçırmamağa çalışıram. Avropada futbol başqa cür olsa da, "Qarabağ" həmin gün "Tottenhem"dən pis oynamadı. Çox təəssüf ki, nəticədə azarkeşlərini sevindirə bilmədi.
- Noyabrda Salvador millisinin düşərgəsinə yollanmışdın. Ancaq Meksika ilə oyunda meydana buraxılmadın, Kanada ilə oyundan öncə isə düşərgəni tərk etdin. Salvador mətbuatı Meksika ilə oyunda oynatmadığı üçün honduraslı baş məşqçiniz Ramon Maradiaqa ilə problemlərinizin olduğunu yazdı...
- Millinin düşərgəsinə gedəndə böyük problemlərlə üzləşdim. Ancaq ölkəmlə bağlı mənfi şeylər demək istəmirəm. Bu üzdən, bu sualınızı cavabsız qoymaq məcburiyyətindəyəm.
Fanat.az