"Rəvan" həftənin əvvəlindən məşqləri bərpa edib. Fanat.az xəbər verir ki, "Sumqayıt"la Premyer Liqanın son tur oyunundan sonra 2 gün istirahət edən futbolçular artıq gücləndirilmiş rejimlə məşq edir. Belə ki, qrafikə əsasən baş məşqçi Vladislav Qədirov yetirmələrini gündə 2 məşqə çıxarır.
Bu günkü səhər məşqi isə oyunla əvəzlənib. Belə ki, əsas komanda əvəzedicələrlə üz-üzə gəlib. Əvvəlcədən qeyd edək ki, Qədirov yüngül zədəsi olan Aqil Nəbiyev və Elvin Həsənəliyev, eləcə də zədəsini sağaltdıqdan sonra fərdi məşqlərlə kifayətlənən Xuan Manuel Vareadan başqa bütün futbolçuların oynamasına şərait yaradıb. Hər hissədə müxtəlif heyətlərlə çıxış edən əsas komanda sonda əvəzediciləri 4:0 hesabı ilə üstələyib. Qolları ilk yarıda Musa Kabiru (2 dəfə) və Sebastian Kastro-Telyo, fasilədən sonra isə Kamil Nurəhmədov vurub.
Qeyd edək ki, "Rəvan" növbəti oyununu sentyabrın 7-də I divizion təmsilçisi "Şahdağ”a qarşı keçirəcək. Saat 18.00-da başlayacaq yoldaşlıq oyunu "Bayıl Arena"da baş tutacaq.
Fanat.az