Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün qardaş ölkədə üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Samir Abbasov komandanı bu dəfə İran klubu ilə oyunda sınayıb.
Belə ki, "Sumqayıt"ın rəqibi "Sepahan" olub. Oyun İran təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Sumqayıt"ın qoluna Pərdis Fərcad-Azad imza atıb.
"Sepahan" klubu 1953-cü ildə yaradılıb. 53 yaşlı kluba xorvat mütəxəssis İqor Ştimaç başçılıq edir. Ötən mövsüm İran çempionu olan komanda tarixi ərzində 5 dəfə qızıl medallara sahib çıxıb, 4 dəfə ölkə kubokunu qazanıb, 2007-ci ildə Asiya Çempionlar Liqasının finalında oynayıb.
Qeyd edək ki, "Sumqayıt" ölkədəki hazırlıq prosesi zamanı 3 oyun keçirmişdi. "Şərurspor"u 1:0 hesabı ilə yenən "gənclik şəhəri" təmsilçisi AZAL-a bir oyunda qalib gəlmiş (4:0), birində yenilmişdi (1:2). Premyer Liqa klubu Türkiyədəki ilk oyununda Qazaxıstan "Akjayık"ına qalib gəlib (1:0), dünən isə Rumıniyanın "Voluntari" klubu ilə "sülh" bağlayıb (0:0). "Sumqayıt" son oyununu sabah Rumıniya yüksək liqa təmsilçisi “Petrolul”a qarşı keçirəcək.
Antalya
Yoxlama oyunu
21 yanvar
Sumqayıt - Sepahan (İran) 1:2
Qol: Pərdis Fərcad-Azad, 75.
Sumqayıt: Tural Abbaszadə, Mikayıl Rəhimov, Samir İbrahimov, Emin Mehdiyev, Cəmil Hacıyev (Slavik Alxasov, 55), Xəyal Nəcəfov, Tofiq Mikayılov, Ayaz Mehdiyev, Nicat Muxtarov, Amit Quluzadə, Pərdis Fərcad-Azad.
Türkiyə. Antalya.
Fanat.az