Sabah Berti Foqtsun yetirmələrinin İsrael səfərində xal qazanıb-qazanmayacağını zaman göstərəcək. Meydan sahibləri qonaqları yenməyə köklənibsə, bizimkilərin təslim olmaq niyyəti yoxdu. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və Rusiya ilə matçlar ərəfəsində səfərdə Ukrayna ilə yoldaşlıq görüşünə çıxan yəhudilərin 0:2 hesabı ilə uduzduğunu bilirsiz. Ukraynadakı həmin oyunu təhlil edən israilli juralistin “israelfootball.com”dakı yazısı ilə tanış olun:
“Azərbaycan və Rusiya ilə matçlara 3 həftə qalmış “ağ-mavilər” Kiyevdə sonuncu yoxlama görüşünə çıxdı. Baxdıqları oyun isə israilli azarkeşlərdə bədbinlik yaratdı. Söhbət təkcə0:2 hesablı yenilgidən yox, “Olimpiyski” stadionunda ortaya qoyulan futboldan gedir.
İsrail Braziliyaya yollanmaq istəyirsə, seçmə mərhələnin sentyabrdakı görüşlərindən birincisində - Azərbaycanla ev oyununda mütləq qələbə qazanmalıdı. Azərbaycanı udmasa, qalan şeylərdən danışmağa dəyməz. Elə buna görə də çoxları Ukraynadakı oyunu birbaşa Rusiya ilə görüşə hazırlıq xarakterli oyun kimi qiymətləndirirdi. Etiraf edək ki, ukraynalılar ruslarla duelə hazırlıq üçünyaxşı sınaqçı-rəqib idi. Təxminən eyni gücdə, fiziki hazırlıq baxımından bir-birinə bənzəyən komandalardı axı. Həm də oyunun Rusiyadakı iqlimə uyğun hava şəraitində keçməsi önə çəkilməlidi... Təəssüf ki, İsrailin ifasında izlədiyimiz futbol ümid vermədi.
Əlbəttə, Ukrayna yığması bizimkindən açıq-aşkar güclüdü. Ancaq bu fakt da mundiala yollanmağı hədəfləyən İsrailə bəraət qazandıra bilməz. Rusiyada 3 xal almaq vacibdisə, səviyyə fərqini qabartmaq çıxış yolu deyil. “Olimpiyski”də millinin özündən üstün rəqiblərlə bacarmadığı bir daha üzə çıxdı.
Tal Ben-Haim və Eytan Tibinin hesabına müdafiə xətti qismən yaxşı görünürdü. Mərkəzdən qurulan hücumlar zamanı isə ciddi çatışmazlıqlardan biri nəzərə çarpdı. Şiran Yeni dayaq yarımmüdafiəçisi mövqeyində azarkeşlərin əsəbləri ilə oynadı. Fasilədən sonra baş məşqçinin onu Qal Albermanla dəyişməsi başadüşülən idi. Heç pleymeyker Bibers Natxo da işinin öhdəsindən gəlmirdi.Start heyətində meydana çıxan Biram Kiyalın kobud səhvinə nə deyəsən?Kiyalın topu lazım olmayan yerdə itirməsi ukraynalıların ilk qolu vurmasına bəs etdi.
Tomas Hemedin yoxluğunda hücum xəttimizdə sanki, böyük dəlik açılmışdı. İtay Şexter heç vaxt tək mərkəz forvardı ampluasında ümidləri doğrultmadığı kimi bu matçda da yalandan ora-bura qaçırdı. Maor Meliksonun varlığı ilə yoxluğu ümumiyyətlə, hiss olunmurdu. Yalnız irəlidə Edan Ben-Basat nəsə etməyə çalışırdı ki, onun da təkbaşına uğur qazana bilməsi mümkün deyildi. Oyuna sonradan qoşulanlar isə İsrail adına canlanmaya səbəb olmadı.
Vəziyyəti düzəltmək üçün Eli Qutmanın az vaxtı var. Baş məşqçi bilir ki, millinin oyunu arzulanan səviyyədə deyil. İndi ümidlər belə desək, mistik dovşana qalıb. Qutmanın papağından çıxaracağı dovşana”.
Fanat.az