“Komandadan tam razı qaldığımı deyə bilmərəm. Çünki hər iki hissədə istədiyimiz oyunu göstərə bilmədik”. Fanat.az xəbər verir ki, bu sözləri “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov deyib.
Ölkə çempionatının XXII turunda AZAL-ı qəbul edən “Sumqayıt” meydandan qələbə (2:0) ilə ayrılıb. Bununla da, “gənclik şəhəri” təmsilçisi III dövrənin ilk 3 turundakı ardıcıl məğlubiyyətlərdən sonra “qara zolaq”dan çıxa bilib.
Oyunla bağlı fikirlərini bölüşən Abasov komandasının öz oyununu itirdiyini bildirib: “AZAL-la oyun psixoloji təzyiq baxımından bizim üçün çox vacib idi. Mütləq qalib gəlməliydik ki, əvvəlki əhval-ruhiyyə yerinə qayıtsın. Ardıcıl 3 məğlubiyyətdən sonra bu qalibiyyətin önəmi böyükdü. Uşaqlar sağ olsunlar ki, belə ağır yükün altından çıxdılar. Gələcək turlarda oyunumuzu geri qaytarmağa çalışacağıq. Öz oyunumuzu itirmişik və bunun nə ilə bağlı olduğunu bilmirəm”. (CBC)
Fanat.az