Gəncə stadionu niyə yada düşmür? Mövsümün əvvəlindən bəri gəncəli azarkeşlər diqqət mərkəzindədi. Az qala hər tur Gəncə stadionunun tribunaları dolduran "Kəpəz"sevərlər bir-birinin ardınca rekordlar qırır.
"Xəzər Lənkəran”ın iddialarından uzaq düşməsi yerli azarkeşlərin futboldan soyumasına, "Fırtınalar meydanı”nın tribunalarının boş qalmasına səbəb olub. Bu mənada "Kəpəz”in elitaya qaytarılması müəyyən mənada futbolumuzu böyük rəzalətdən qurtardı. Paytaxt klublarının iştirakıyla keçirilən oyunlarda tribunalarda iki tək, üç cüt azarkeşin əyləşməsinə adət etmişik. Məlum səbəbdən Bakıda məskunlaşan "Qarabağ”ın ən prinsipial "ev oyunları"nda da bu say 2-3 min arasında dəyişir. "Simurq”un dağılmasından sonra Zaqatala böyük futbola həsrətdir. Belədə gəncəli azarkeşlər olmasaydı, ölkə çempionatının oyunlarında ortalama azarkeş sayı yetərincə kiçik rəqəm görünəcəkdi. Minlərlə gəncəli futbolsevər "Kəpəz”i yalqız buraxmamaqla ümumi mənzərəni müsbətə doğru dəyişməyə nail olub. Amma qəribəsi odur ki, ölkənin ən çılğın azarkeşlərinin "futbol məbədi” Azərbaycanın ən miskin və təhlükəli stadionudu.
Son illərdə neft bumu sayəsində ölkədə futbol infrastrukturu xeyli yaxşılaşıb. "Qarabağ” üçün Suraxanıdakı stadion ən müasir səviyyədə təmir olunub. "Neftçi” rahat və gözəgəlimli "Bakcell Arena”nı özününküləşdirib. "Sumqayıt”ın şərəfinə "Gənclik şəhəri”ndə kiçik də olsa, yeni stadion inşa olunub. "Şəfa” stadionu simvolik məbləğə "İnter”ə satılıb. "Rəvan” "Bayıl arena”dan problemsiz yararlanır. "Xəzər Lənkəran”ın meydanın ot örtüyü yaxşı vəziyyətdə olmasa da, vəziyyət faciəvi deyil. AZAL-la "Zirə”nin də bu sarıdan problemi yoxdu. İş o yerə gəlib çatıb ki, paytaxdakı Respublika stadionu və "Dalğa Arena” boş qalıb, heç yada da düşmür.
Bütün sadaladıqlarımın fonunda "Kəpəz”in yaşıl ota həsrət qazon üzərində qonaqlarını qəbul etməsi, azarkeşlərin uçuq-sökük tribunalardan sevimli komandalarına dəstək verməyə məcbur qalması xeyli acınacaqlı mənzərədi. Artıq sıravi azarkeşlərin də "səbr kasası” daşıb. İdman saytlarında və sosial şəbəkələrdə tez-tez onların narazılıqlarına, normal və təhlükəsiz stadion tələbiylə etiraz səslərini ucaltmasına rast gəlirik.
Maraqlıdı ki, son illərdə ölkə başçısı cənab İlham Əliyev Gəncəyə yetərincə diqqət və maliyyə ayırır. Şəhərin yollarının, ətraf qəsəbələrin abadlığı üçün milyonlarla vəsait xərclənib. Tarixi "İmamzadə” ziyarətgahının böyük məbləq qarşılığında təmiri belə diqqətdən kənarda qalmayıb. Bu yaxınlarda Gəncədə səfərdə olan prezident şəhərə əlavə 12 milyon manat ayrılıması üçün sərəncam verdi. Təəssüflər olsun ki, həmin məbləğdən stadionun qismətinə heç nə düşməyəcək. Deməli, ən azı yaxın bir il ərzində Gəncə şəhər stadionu elə bu görkəmdə qalmağa, minlərlə futbolsevər qəzalı tribunalarda özlərini riskə atmağa məhkumdular. Görünür şəhər rəhbərliyi stadionun vəziyyətini cənab prezidentin diqqətinə çatdırmağı, yaxud da şəhərin fəxri qonağının yolunun idman qurğusunun olduğu ərazidən salmağı vacib bilmirlər. Əks halda, Azərbaycan idmanının inkişafını, idman komplekslərinin və futbol meydanlarının tikintisi daim diqqət mərkəzində saxlayan ölkə başçısı gəncəli azarkeşlərin arzularını reallaşdırmaq üçün yetərincə vəsait ayırardı. Maraqlıdı, Gəncənin görkəmini dəyişdirməyi, küçə və binaların müasir görkəmdə olmasını vacib sayan şəhər rəhbərliyi stadionun taleyinə niyə biganədilər?
sport7.az