Topaz Premyer Liqasının XXII turunun “Neftçi” ilə oyunundakı 2:0 hesablı qələbə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Fanat.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 150-ci qələbəsini qazanıb.
O, buna 272-ci matçda nail olub. Hesabında 71 heç-heçə və 51 məğlubiyyət olan çalışdırıcı karyerası ərzində yalnız iki klubun baş məşqçisi olub. Qurbanov 150-ci qələbəsini qazandığı oyundakı rəqib “Neftçi”də başladığı çalışdırıcılıq karyerasındakı çempionat oyunlarında 19 qələbə qazanıb. 2006/07-ci illərdə baş məşqçisi olduğu “Neftçi”dən fərqli, “Qarabağ”da daha uzun müddət - 2008-ci ildən indiyədək çalışan Qurbanov bu klubla Premyer Liqada 131 qələbə əldə edib. Qurbanov Azərbaycan çempionatlarındakı qələbə sayında baş məşqçilər arasında 5-ci pillədədi.
Fanat.az