Bu gün Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda dövlət ittihamçısının dəyişdirildiyi elan olunub.
Bildirilib ki, bundan sonra dövlət ittihamını prokuror Eldar Balakişiyev müdafiə edəcək. Bundan sonra prosesdə Cavid Hüseynov prokurorun və vəkil Adəm Məmmədovun suallarını cavablandırıb. Cavid Hüseynov özünü təqsirli bilmədiyini deyib.
Prosesdə Rasim Əliyevin ölümündə təqsirləndirilən Elşən İsmayılov şahid qismində ifadə verib. E. İsmayılov bildirib ki, Rasim Əliyev ona söyüb və məlum görüşə də onu mərhum özü çağırıb: “Görüşəndə ona dedim ki, niyə mənə söyüş söydün, Rasim bu zaman “yaxşı eləmişəm”, dedi. Bundan sonra dalaşdıq. Halbuki məni görüşə çay içmək adı ilə çağırmışdı. Özü şərait yaradı, yoxsa vurmazdım, üzr istəsə geri qayıdacaqdım”.
E. İsmayılov onu da deyib ki, Rasimlə görüşə getməsindən Cavidin xəbəri olmayıb.
Daha sonra vəkil Adəm Məmmədov şahidlərin prosesə gəlmədiklərini bildirib, məhkəmənin onların barəsində tədbir görməsi üçün vəsatət verib.
Məhkəmə vəsatəti təmin etməyib. Şahidlərə yenidən çağırış vərəqələri göndəriləcəyi elan olunub.
Proses martın 11-də davam etdiriləcək.
Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.
Fanat.az