Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I divizionda keçirilən “Şərurspor” - “Göyəzən” oyununun danışılmış olması ilə bağlı xəbərlərə münasibət bildirib. Fanat.az xəbər verir ki, qurum rəhbəri bu məsələyə AFFA-nın baxdığını deyib:
"PFL-in bununla bağlı hansısa qərarı qəbul etməyə ixtiyarı yoxdu. Bu məsələ ilə bağlı AFFA-da qurum var. Hansı ki, şübhəli oyunla bağlı araşdırmalar gedir".
Musayev Azərbaycanda danışılmış oyunlarla bağlı araşdırmaların heç vaxt müsbət nəticə verməməsi ilə bağlı danışıb. PFL rəhbəri bildirib ki, sübut olmadığı üçün heç kim cəzalanmayıb: "İtaliyada “Yuventus”un günahı sübuta yetirilmişdi, cəzalandı. Türkiyədə “Fənərbaxça” danışılmış oyunlarda iştirak etmişdi. Niyə onları cəzalandırmadılar. I diviziona göndərilməli idi, niyə göndərmədilər? Deyilən şübhəli məqamları sübut etmək üçün bizim əlimizdə lazımi qədər imkan yoxdu. Sübut edə bilsəm, AFFA-nı gözləmərəm, özüm cəzalandıraram. Sübut yoxdu".
"Amma Xaqani Məmmədovun məlum videosunda sübut var idi. Bununla bağlı niyə bir tədbir görülmədi" sualına Ramin bəy belə cavab verib: "Xaqani Məmmədov nə edib? Mən onun vəkili deyiləm. 2001-ci ildə xaricdə birinə bir sillə vurub. Tutub onu həbsə ataq? Nə edib, əcəb edib. Elə danışırsız ki, elə bil Xaqani Məmmədov xalq düşmənidi. Xaqani Məmmədov 2001-ci ildə bir hadisə törədib. Mən 1986-cı ildə əsgərlikdə olanda bir litvalını vurub şikəst etmişdim. Tutdurun da indi məni".
Fanat.az