Bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçirilib. Fanat.az xəbər verir ki, konfrans “Hilton” otelində baş tutub..
Konfransın gündəliyinə AFFA-nın Nizamnaməsinə uyğun olaraq aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- AFFA prezidentinin seçilməsi
- İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər.
Əvvəlcə AFFA prezidenti Rövnəq Abdullayev hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib. Ardınca söz gənclər və idman naziri Azad Rəhimova verilib.
Sonra Konfransın səlahiyyətli olub-olmaması barədə məlumat vermək üçün söz Mandat komissiyasının sədri Mahmud Sadıqova verilib. Sadıqov bildirib ki, Konfransda 35 səs hüquqlu nümayəndədən 34 nəfəri iştirak edir, yəni yetərsay var və Konfrans səlahiyyətlidir.
Konfransda qəbul ediləcək qərarlar zamanı səslərin hesablanması üçün say komissiyasının üzvlərinin seçilib. Komissiya üzvləri Şaiq Həmidov, Kamran Quliyev, Rövşən Əhmədov olub. 2015-ci illə bağlı videoçarxın nümayişinin ardınca baş katibi Elxan Məmmədov çıxış edib.
Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2015-ci ilin maliyyə hesabatını, həmçinin 2016-cı il üçün büdcə layihəsini təqdim edib. Müstəqil audit təşkilatının nümayəndəsi Ülvi Qasımovun da hesabatı dinlənilib: “Bütün sənədlər yoxlanılıb. Əldə etdiyim audit sübutları təmin olunub. Rəhbərliyin uçot təxminlərinin qiymənləndiriməsi müvafiqdi. Təqdim edilən maliyyə hesabatları AFFA-nın ötən il üçün maliyyə vəziyyətini, maddi hesabatlarını beynəlxalq maliyyə hesabatlarına uyğun olaraq, düzgün əks etdirilib”.
Qasımovun ardınca isə AFFA-nın hüquqşünası Rəmiş Malıyev çıxış edib. O, AFFA-nın hüquqi normaları, hüquq strukturu haqda danışıb.

Konfrans iştirakçıları Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayev və U-17 yığmasının baş məşqçisi Təbriz Həsənovu da dinləyib. Sonuncu yığmamızın Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə hazırlığı barədə məlumatı verib, azarkeşləri sevindirəcəklərini qeyd edib.
Ardınca prezident seçkisi baş tutub. Rövnəq Abdullayev 3-cü dəfə bu posta seçilib. O, 2020-ci ilədək bu postu tutacaq: “Mənə yenidən etimad göstərdiyiniz üçün minnətdaram. Söz verirəm ki, etimadınızı doğruldacam. Qarşıda bizi çox böyük işlər gözləyir. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifələri yerinə yetirək, Azərbaycan futbolunu yüksəldək. Əsas vəzifəmiz 2020-ci ildə Azərbaycan yığmasının final mərhələsində iştirakını təmin etməkdi. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Ardınca Konfrans iştirakçıları AFFA-nın İcraiyyə Komitəsinin yeni tərkibini seçib.
Peşəkar Futbol Liqası - 4 yer
1. Rauf Əliyev - AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov - "Sumqayıt" FK tərəfindən
3. Elşad Nəsirov - "Neftçi" PFK tərəfindən
4. Qurban Qurbanov - "Qarabağ" FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi - 2 yer
1. Kazbek Tuayev - Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov - Şimal Regional Futbol Federasiyası tərəfindən
Sahə Futbol Federasiyaları - 2 yer
1. Mahir Məmmədov - Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov - Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən
İctimai Futbol Təşkilatları - 2 yer
1. Elmar Məmmədyarov - Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov - Futbol Hakimləri İctimai Birliyi tərəfindən
Seçkilər başa çatdıqdan sonra UEFA-nın baş katibi Teodor Teodoridis çıxış edib. O, Abdullayevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib: "Bakının "AVRO-2020"yə ev sahibi seçilməsi doğru addımdı. Klubların avrokuboklardakı çıxışları yüksək qiymətləndirilir. Bu münasibətlə onları təbrik etmək istəyirəm. İstərdik ki, bu say daha da artsın. Zənnimcə, "AVRO-2020"də Bakının ev sahibi seçilməsi doğru addımdı. Bu layiqli qələbədi. Bilirsiniz ki, bundan sonra çətinliklər başlayır. Ancaq sizin səriştəli əməkdaşlarınız var və bu işin öhdəsindən layiqincə gələcəksiniz. Üstəlik sizin bu idman yarışını həyata keçirmək üçün təcrübəniz var".
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol