20 martda "Fənərbaxça" ilə matça çıxacaq "Qalatasaray" baş məşqçi axtarışlarını davam etdirir. Fanat.az xəbər verir ki, İstanbul klubu derbiyə yeni baş məşqçi ilə çıxmaq istəyir.
Bu məqsədlə klub rəhbərliyi komandanın keçmiş oyunçusu və baş məşqçisi Bülent Ünderə təklif göndərib. Amma 65 yaşı tamam olduqdan sonra klubdan kənarlaşdırılan mütəxəssis təklifi qəbul etməyib. "Qalatasaray" rəhbərliyindən incik olan 66 yaşlı məşqçi "Mənə qoca dediniz, işləməyimi istəmədiniz" deyərək narazılığını bildirib.
Bundan sonra "Qalatasaray" onun adaşına - Bülent Korkmaza təklif göndərib. Türkiyə mətbuatının məlumatına görə, klub rəhbərliyi hələlik onunla mövsümün sonunadək müqavilə imzalamaq istəyir. Bülent Korkmazın özü də yenidən "Qalatasaray"da işləməyin əleyhinə deyil.
Qeyd edək ki, Bülent Ünder karyerası ərzində yalnız bir klubun - "Qalatasaray"ın formasını geyinib. O, 1969-1978-ci illərdə İstanbul klubunda çıxış edib, 2 dəfə Super Liqanın, 2 dəfə Türkiyə Kubokunun, 3 dəfə də Prezident Kubokunun qalibi olub. Türkiyə yığmasında 9 oyun keçirmiş yarımmüdafiəçi 1996-2000 "Qalatasaray"ın əsas komandasında Fatih Terimin, 2005-2006-cı illərdə Erik Gerets köməkçisi olub, 2013-cü ildə klubun aşağı yaş qruplarına nəzarət edib. O, həmçinin 2011-ci ildə qısa müddətdə "Qalatasaray"ın əsas heyətini çalışdırıb.
Bülent Korkmaz da karyerası ərzində yalnız "Qalatasaray"ın formasını geyinib. Əfsanəvi kapitan 1985-ci ildə yüksəldiyi əsas komandada 2005-ci ilədək çıxış edib. 23 kubok qazanıb (Super Liqa - 8, Türkiyə Kuboku - 6, Prezident Kuboku - 5, Baş Nazir Kuboku - 2, UEFA Kuboku - 1, UEFA Super Kuboku - 1). 1990-2005-ci illərdə formasını geyindiyi Türkiyə millisi ilə Dünya çempionatının (2002) və Konfederasiyalar Kubokunun (2003) bürünc mükafatına sahib çıxıb.
2007-ci ildə məşqçiliyə başlayan Bülent Korkmaz "Kayseri Erciyəsspor", "Bursaspor" və Gənclərbirliyi"ni çalışdırdıqdan sonra - 2009-cu ildə "Qalatasaray"ın baş məşqçisi olub. Bir müddət sonra isə o, ölkəmizə gələrək "Bakı"nın baş məşqçisi kimi fəaliyyət göstərib. Ölkəmizdən ayrıldıqdan sonra "Kardemir Karabükspor", "İstanbul Başakşəhər" və "Kayseri Erciyesspor" çalışdıran mütəxəssisin son iş yeri "Mersin İdman Yurdu" olub.
O, bir müddət əvvəl "Qarabağ"dan Qara Qarayevlə "Sumqayıt"dan Tural Rzayevi "Mersin İdman Yurdu" aparmaq istəyirdi. Lakin gözlənilmədən klubdan ayrıldığından bu transferlər baş tutmadı.
Fanat.az