Topaz Premyer Liqasının XXXVI turunda “Rəvan”la qarşılaşan “Xəzər Lənkəran”ın məğlubiyyət seriyası qırılıb. Fanat.az xəbər verir ki, son 12 oyunda məğlub olub, klub tarixinin antirekordunu müəyyənləşdirən Lənkəran təmsilçisi səfər matçında 1 xal qazanıb - 2:2.
Cənublular bunadək sonuncu xalını XXIII turun “Qəbələ” ilə fevralın 27-də keçirilən səfər matçında qazanmışdı. 83 gündən sonra xal əldə edən “Xəzər Lənkəran” ölkə çempionatlarının 24 illik tarixində ən uzun məğlubiyyət seriyalarından birinin müəllifi olub. Bu göstəricidə antirekord “Şəfa”ya məxsusdu. Paytaxt klubu ardıcıl 28 görüşdə uduzub. “Şəmkir” 15, MOİK-lə “Energetik” (Şirvan) 14, “Bakılı” və “Neftqaz” 13 tur xala həsrət qalıb. “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, MOİK və “Avtomobilçi”nin 12 oyundan ibarət məğlubiyyət seriyası qeydə alınıb.
Ötən il noyabrın 2-də XI tur çərçivəsində keçirilən “Rəvan”la səfər oyunundakı 1:0 hesablı qələbədən sonra qalib gələ bilməyən “Xəzər Lənkəran”ın bu seriyası 25-ə çatıb. Bu, ölkə çempionatları tarixində 5-ci nəticədir. “Şəfa” 33, “Bakı” 32, “Energetik” (Şirvan) 28, “Göyəzən” 27 oyun qalib gəlməməklə daha uğursuz seriyalara imza atıb. (PFL)
Fanat.az