Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək, öldürülməsi ilə bağlı həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, prosesdə Cavid Hüseynov son sözlə çıxış edib.
C.Hüseynov bildirib ki, ona qarşı irəli sütülən ittihamlar əsassızdı: "Mənim günahsız olduğum sübuta yetirilib. Qohumum Elşən Rasimi ana söyüşünə görə vurduğunu deyib. Mən də hadisədən xəbərsiz olmuşam. İşi hüquq-mühafizə orqanlarından gizlətmək barədə düşünməmişəm. Günahsızlığım sübut olunduğundan barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm. 16 ildi ki, peşəkar futbol oynayıram. Heç vaxt heç bir jurnalistlə problemim olmayıb. Mən şəhid oğluyam. Atam döyüşə gedəndə 3 övladını bu xalqa tapşırıb. Mən də dövlətim, xalqım üçün mübarizə aparıb, bayrağımızı qaldırmışam. Ancaq indi düşdüyüm vəziyyətə baxın".
C.Hüseynovun çıxışından sonra məhkəmə müşavirəyə yollandı və növbəti proses mayın 31-nə təyin edildi.
Xatırladaq ki, prokuror futbolçuya 4 il iş istəmişdi.
Fanat.az