İndi Azərbaycanda futbolla maraqlanan hər kəsi ən çox düşündürən sual "Xəzər Lənkəran"ın aqibətidi. Mövsümün son turunda Ramil Diniyevin "qəhrəmanlığı" sayəsində son pilləyə yuvarlanan cənub klubu növbəti mövsümü I divizionda keçirməlidi.
Amma bunun baş verməyəcəyini hamımız bilirik. Son dövrlər maliyyə böhranından çıxa bilməyən, Mübariz Mənsimovun pul ayırmaqdan imtina etdiyi yüzminlərin sevimlisi olan klubu uçrumun ağzına sürüklənib. Nəticə budur ki, "Xəzər Lənkəran" Premyer Liqada olmasa, ümumiyyətlə futbol sahəsində olmayacaq.
Bəs "Xəzər Lənkəran" Premyer Liqaya necə qayıda bilər? AFFA bunun üçün açıq qapı qoyub. Əldə etdiyimiz məlumata görə, federasiya, daha doğrusu baş katib Elxan Məmmədov komandanı Premyer Liqaya qaytarmağa hazırdı. Amma bunun üçün olduqca ağır şərtləri var.
Belə ki, baş katib bu komandanı "Sumqayıt", "Kəpəz", "Neftçi" kimi özündən aslı vəziyyətə salmaq istəyir. Şərt isə ondan ibarətdi ki, Mübariz Mənsimovun milyonlarla pul xərcləyib tikdirdiyi baza və stadion AFFA-nın balansına, dolaysıyla onun nəzarətinə verilsin. Bu baş verəcəyi halda, "Xəzər Lənkəran" Premyer Liqada qalacaq, klub "Sumqayıt" və "Kəpəz" kimi AFFA tərəfindən maliyyələşdiriləcək, Elxan Məmmədov Müşahidə Şurası yaradacaq, Mikayıl Nərimanoğlu kimi birini orda otuzdurub, klubu özü idarə edəcək. Bununla da "Xəzər Lənkəran" baş katibin oyuncaqlarından birinə çeviriləcək. Bu şərt klub rəhbərliyinə konkret şəkildə eşitdirilib və onların cavabı gözlənilir.
"Xəzər Lənkəran" tərəfi bu təklifə nə deyir? Klub rəhbərliyinə yaxın şəxslərin bildirdiyinə görə, Mais Mənsimov qətiyyətlə bu təklifə qarşıdı. Mübariz Mənsimovun qardaşı şəxsi mülkləri olan klubu, stadionu və bazanı Elxan Məmmədova peşkək çəkmək niyyətində deyil. 2015/16 mövsümündə klubu kiçik büdcə ilə olsa da, saxlayan Mənsimov hələlik yekun qərarını verməyib, hələ klubun taleyinin necə olacağını o da bilmir. Amma istənilən halda baş katibin təklifi ilə razılaşmaq niyyətində deyil.
Tuyqun Nadirov - Mais Mənsimov
Mübariz Mənsimov nə deyir?
"Xəzər Lənkəran"la bağlı ən çox söz demək haqqı sözsüz ki, Mübariz Mənsimova məxsusdu. "Palmali"nin sahibi özünün yaratdığı və yüzminlərlə insanın sevgisinə çevirdiyi kluba son illər ögey münasibət bəsləsə də, ona olan ümidlər hələ də tükənməyib. "Xəzər Lənkəran" azarkeşləri hələ də "Palmali" şefinin olaylara müdaxilə edərək haqsızlıqlara son qoyaxcağına və klubu dağılmaqdan qurtaracağına inanır.
Qeyd etdiyim kimi, "Xəzər Lənkəran"ın taleyi hələ bəlli deyil. Klubun gələcəyi ilə bağlı bütün suallara bazar ertəsi aydınlıq gələ bilər. Deyilənə görə, həmin gün rəhbərliyin görüşü baş tutmalı və burda yekun qərarlar verilməlidi. Bildirilir ki, Mübariz Mənsimovun mövqeyi məhz həmin görüşdə bilinəcək. "Palmali" şefi ya kluba əvvəlki kimi himayədarlıq edəcək, ya da ümumiyyətlə kənara çəkiləcək.
Mübariz Mənsimov
"Xəzər Lənkəran" dağılacaq?
İndiki halda "Xəzər Lənkəran"ın dağılmaq ehtimalı yaşamaq şansından daha çoxdu. Kluba yaxın şəxslərin dediyinə görə, Mais Mənsimov komandanın I divizionda çıxış etməsini istəmir. Ya Premyer Liqa, ya da heç nə. Komanda çempionata buraxılmasa, tarixin yaddaşına köçəcək. Premyer Liqaya qayıdacaqları halda isə əvvəlki kimi iddialı olmağa çalışacaqlar. Hansı vəsait hesabına, bunu bunu bilən yoxdu. Yenə də ümidlər Mübariz Mənsimova qalacaq...
"Xəzər Lənkəran"ın yaşaması üçün AFFA nə etməlidi? Bu sualın cavabı hamımıza bəllidi. Heç nəyə yaramayan, boş yerə milyonlarla pulu havaya sovurmaqdan başqa heç bir iş görməyən "Sumqayıt" iki dəfə Premyer Liqanı tərk etsə də, məhz AFFA rəhbərliyinin istəyi ilə elitaya qaytarılıb. Niyə eyni güzəştlər yüzminlərlə insanın sevgisinə çevrilmiş, hər oyununa 10 mindən artıq azarkeşin toplaşdığı bir kluba edilməməlidi. Elxan Məmmədov şərtlərini bir kənara qoyub, Azərbaycan futbolunun bəzəyinə çevrilmiş "Xəzər Lənkəran"ın yaşaması üçün bir addım atsa, özünə də, çalışdığı quruma da hörmət qazanmış olar...
Elxan Məmmədov
Pərvin Kazımoğlu
Fanat.az