"AVRO-2016"da Türkiyə millisi ilə eyni qrupda yer alan Xorvatiya millisinin futbolçusu İvan Rakitiç Arda Turan haqqında danışıb.
Fanat.az xəbər verir ki, Rakitiç "Barselona"dakı komanda yoldaşı Arda Turanın oyun üslubunun Xorvatiya millisinin sabiq futbolçusu, hazırda Azərbaycan millisinin baş məşqçisi olan Robert Prosineçkinin oyun üslubuna bənzədiyini bildirib:
"Arda Turan insan olaraq çox mükəmməl biridir. Daima gülür, komanda yoldaşları ilə zarafat etməyi sevir. Keyfiyyətləri haqqında danışsaq, gərək bir kitabı dolduraq. Topla çox gözəl rəftar edir. Mənə Robert Prosineçkini xatırladır. Ona qarşı çox yaxşı hazırlaşmalıyıq. Qapıya yaxınlaşanda çox təhlükəli biridir. Müdafiəçilərimiz bu futbolçuya xüsusi diqqət etməlidir".
"Xorvatiya millisində bir zamanlar Boban və Prosineçki kimi futbolçuların oynadığı mövqedə top qovacağını xəyal edərdinmi" sualına futbolçu belə cavab verib: "Futbolda xəyal etməkdən çox, iş görməyi sevirəm. Xəyalı qızlarım qursun. Mən əlimdən gəldiyi qədər hazır olmağı və meydanda komandama kömək etmək üçün hazırlanıram. Avro-2016-da da ən yaxşı futbolumuzu oynayacağıq. Burda 11 nəfər deyilik. Milyonlarla Xorvatiya sevənlər də bizimlədir".
Qeyd edək ki, Türkiyə - Xorvatiya oyunu iyunun 12-də keçiriləcək.
Fanat.az