"Biz 8 klub ilə çempionat keçirmək məcburiyyətində qaldıq. AFFA və PFL iki həftədi bu məsələ üzərində iş aparırdı. Klubların da hansısa addımı atacağını gözləyirdik. Amma bunu görmədik". Fanat.az xəbər verir ki, bu sözləri PFL prezidenti Ramin Musayev deyib.
İcraiyyə Komitəsinin iclasından sonra danışan qurum rəhbəri bildirib ki, I divizion klublarının Premyer Liqada oynamaq haqqı yoxdu: "I divizion klubları düşünürdülər ki, bir halda ki, bunların seçim imkanı yoxdu, bizi lisenziyasız da çempionata buraxacaqlar. Amma onların Premyer Liqada oynamağa haqqı yoxdu. "Xəzər Lənkəran"la "Rəvan"a gəlincə, əlbəttə, onlar elitada qala bilərdilər. Amma hər ikisinin oyunçularına ciddi borcları var. Ona görə də 8 klub üzərində dayanmağa qərar verdik".
Musayev bildirib ki, 8 komandalı çempionat PFL-in işinə yarayır: "Açığı, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar növbəti mövsümə 2017-ci il mayın 1-dək yekun vurmalıyıq. Bu mənada deyərdim ki, Premyer Liqanın 8 komanda ilə keçirilməsinə dair qərar bizim işimizə yaradı".
PFL prezidenti legioner rüsumunun azaldılması ilə bağlı da danışıb: "Hakimlərin qonorarını PFL yox, AFFA ödəyir. PFL klubların səsverməsi ilə yaradılıb və rəhbəri səsvermə ilə seçilir. Bu gün klubların mənafeyini qorumağa çalışdım. Legionerlər üçün rüsum 5 minə endirildi. Əgər futbolçu öz ölkəsinin millisində oynayırsa, ödənişsizdi. İndiki böhran dövründə klublar üçün bir jest oldu".
Fanat.az