Çempionlar Liqasının finalında uduzan "Atletiko" heyətini gücləndirməyə hazırlaşır. Fanat.az xəbər verir ki, Madrid klubu Pyer-Emerik Aubameyanqı heyətinə qatmaq istəyir.
Artıq "Atletiko" qabonlu ulduzun transferi üçün Dortmund "Borussiya"sı ilə danışıqlara başlayıb. İddialara görə, İspaniya klubu almanlara 45 milyon avro təklif edir.
Qeyd edək ki, əvvəllər İtaliyanın "Milan", Fransanın "Dijon", "Lill", "Monako" klublarında çıxış etmiş Aubameyanq 2013-cü ildə "Sent-Etyenn"dən cəmi 1,3 milyon avroya "Borussiya"ya keçib. Hazırda "Transfermarkt" ona 45 milyon avro qiymət qoyub. O, Almaniya klubulunun heyətində meydana çıxdığı 155 rəsmi oyunda 86 qol vurub. Başa çatan mövsümdə 3 turnirdə (Bundesliqa, Almaniya Kuboku və Avropa Liqası) keçirdiyi 49 oyunda 39 qol vuran qabonlu forvard Bundesliqada 25 dəfə fərqlənib və bombardirlər yarışında 5 qol geri qaldığı Robert Levandovskidən sonra ikinci pilləni tutub.
Avropa Liqasında cari mövsüm 8 dəfə fərlənən Aubameyanq "Qəbələ"yə qarşı iki oyun keçirib. Qrup mərhələsi çərçivəsində Bakıda keçirilən oyunda "Borussiya"nın bütün qollarına (3:1) imza atan forvard Dortmunddakı görüşdə də (4:0) bir dəfə fərqlənmişdi.
Fanat.az