Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" 3-cü təsnifat mərhələsində adlayacağı halda Fransanın "Lill" klubu ilə üzləşəcək. Fanat.az xəbər verir ki, bunun üçün Roman Qriqorçukun komandası ilk növbədə MTK səddini aşmalıdı.
Macarıstanda keçirilən ilk oyunda rəqibinə 2:1 hesabı ilə qalib gələn "qırmızı-qaralar" Bakıda sürprizlə qarşılaşmasa, "Lill"i ölkəmizə gətirəcək.
Fransa təmsilçisi "Olimpik Lillois" və "SC Fives" klublarının birləşməsi nəticəsində 1944-cü ildə yaradılıb. 71 yaşlı klub ev oyunlarını 50 min azarkeş tutumu olan "Pyer Morua" stadionunda keçirir.
3 dəfə Fransa çempionlu olan Lill şəhərinin təmsilçisi sonuncu dəfə bu sevinci 2010/2011-ci il mövsümündə yaşayıb. Digər çempionluqlar isə komandanın yarandığı ilk illərə təsadüf edir (1945–46, 1953–54). Fransızlar 1945–46, 1946–47, 1947–48, 1952–53, 1954–55, 2010–11 illərdə də ölkə kubokunun qalibi olub.
"Qəbələ"nin potensial rəqibi PSJ-nin 96 xalla çempion olduğu son mövsümü 5-ci pillədə başa vurub. Frederik Antonettin baş məşqçi olduğu komanda ötən mövsüm 60 xal toplamağı bacarıb.
Baş məşqçiyə gəldikcə, "Qamba Osaka" istisna olmaqla, 54 yaşlı çalışdırıcı buna qədər yalnız Fransa klublarında çalışıb. "Bastia", "Nitsa", "Renn", "Sent Etyen" klublarının baş məşqçisi olmuş Antonetti "Lill"i 2015-ci ildən çalışdırır.
Komandanın heyətində bir sıra tanınmış futbolçular var ki, bunlardan biri də hər qol vuranda əlinə ağ əlcək taxan Ederdi. Futbolçunun dediyinə görə, ağ əlcək ona uğur gətirir və Eder hər qol vuranda adətindən geri qalmır. "Avro-2016"nın finalında Fransanın qapısına qol vuraraq Portuqaliya millisinə tarixində ilk çempionluğu yaşadan Ederin Bakıya gəlmə ehtimalı daha yüksəkdi. Bundan başqa Nigeriya millisinin futbolçusu Vinsent Enyeama da "Lill"in qapısını qoruyur.
Fanat.az