Arda Turan "Atletiko" ilə yeni müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, türk futbolçu müqaviləsinin müddətini 2017-ci ilin 30 iyununadək uzadıb. 2011/12 mövsümündə "Qalatasaray"dan "Atletiko"ya keçən Ardanın müqaviləsi 2015-ci ildə başa çatacaqdı. Amma o, daha iki illik anlaşmaya imza atıb.
Türk futbolçu klubun rəsmi saytına açıqlama verərək yeni müqavilə imzaladığı üçün xoşbəxt olduğunu bildirib: "Atletiko" ilə olan müqaviləmi uzatdığıma görə çox xoşbəxtəm. Artıq özümü iki ildi formasını geyindiyim klubun böyük ailəsinin bir parçası kimi hiss edirəm. Klub kimi mənim də keçirdiyim məmuniyyət hissi komanda yoldaşlarımın sayəsində mövcud olub və birlikdə qazandığımız bütün uğurlar üçün onlara təşəkkür edirəm. Təbii ki, sadəcə komanda yoldaşlarıma deyil, bizimlə birlikdə çalışan texniki heyətə də minnətdaram. Çünki biz bu böyük ailəni birlikdə təşkil edirik".
"Atletiko"nun idman direktoru Joze Peres Kaminero da Arda ilə bağlı açıqlama verib: "Ardanın müqaviləsini yeniləməsi komandamızdakı önəmli daşlardan birini daha bizə bağlayır. Bu çox sevindirci məqamdı. Arda fərqli bir futbolçudu. Oyunumuza yaradıcılıq və xəyal gücü qatır".
Qeyd edək km, Arda "Atletiko"da keçirdiyi 69 oyunda 9 qola imza atıb. O, ötən gün "Zenit"lə keçirdikləri Çempionlar Liqası oyununda komandasının ikinci qolunu vurub.